Qurban Qurbanov: "Bu sistem olmasaydı, rəqibin haqqına girəcəkdik"

22:45 - 27 Mart 2018

"Həqiqətən belə bir oyunun olmasını çox istəyirdik. Çünki futbolçularımız belə oyunlara öyrəşməlidirlər. Açığı, oyundan həqiqətən razı qaldım. Hətta məğlub olsaydıq, futbolçulardan razı qalacaqdım. Çox istəkli idilər".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis millimizin Makedoniyaya qarşı keçirdiyi yoxlama matçında komandasının oyunundan razı qaldığını bildirib:

 

"İlk oyundan sonra bir az psixoloji gərginlik var idi. Amma oyunçularımız bugünkü oyuna özlərini yaxşı hazırladılar. Meydanda yaxşı kollektiv gördüm. Rəqibimiz ciddi kollektiv olsa da, futbolçularımız mübarizə apardılar, bundan razı qaldım. Belə deyək, bu oyunda həm qalib gələ bilərdik, həm də məğlub ola bilərdik. Ümumilikdə, oyunun gedişatı məni razı saldı. Bakıdakı oyunda topa çox sahib olsaq da, bəzi mübarizələrdə geri qalmışdıq, bunu statistika da göstərmişdi. Amma bu gün futbolçularımız yaxşı mübarizə apardılar".

 

Qurban Qurbanov yığmamızın bir neçə günlük təlim-məşq toplanışını dəyərləndirib:

 

"Sonluq pis alınmadı. Təlim-məşq toplanışı dönəmində futbolçularla çox görüşlərimiz oldu. Bu gün demək olar ki, istədiklərin çoxunu meydanda gördüm. Əvvəlki oyunda bir az həyəcan daha çox idi. Lakin bu gün istədiklərimi meydanda görə bildim. Ümumilikdə, razıyam".

 

Çalışdırıcı millimizin oyunlarında ilk dəfə tətbiq olunan VAR sistemi haqda fikirlərini bildirib:

 

"Bizim əleyhimizə oldu. Məncə, ədalətli oldu. Bəlkə də, VAR sistemi olmasaydı, rəqibin haqqına girəcəkdik. Razı qaldım".  

Xəbər xətti