"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov klubun saytına müsahibə verib.
Sportal.az saytı həmin müsahibəni təqdim edir:
- Hazırlıq prosesi necə gedir?
- Məşqlərimiz normal şəkildə davam edir. Futbolçular oyunlara səylə hazırlaşırlar. Əhval-ruhiyyə yaxşıdır.
- Qarşıda ardıcıl 3 ev oyunu var. Nə düşünürsüz?
- Bizim üçün hər bir oyun ağırdır. Bütün görüşlərə qələbə əzmi ilə çıxmalıyıq ki, sonuncu pillədən yaxa qurtara bilək. Bizə 3 xal sərf edir. Amma bunun öhdəsindən nə dərəcədə gələcəyik, onu zaman göstərəcək. Uşaqlara inanıram, komandamız qalib gəlməyə qadirdir. Oyunçuların göstərdiyi oyun yaxşıdır. Geridə qalan 6 oyundan 5-də məğlub olmuşuq. Uduzduğumuz matçlarda bəxtsizlik də rol oynayıb. Ən azı 4 qarşılaşmada minimum heç-heçə etməli idik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzmuşuq. Bu problemi aradan qaldırmalıyıq. Psixoloji cəhətdən oyuna hazır olmalıyıq.
- Hər bir məşqçinin arzusu komandasında yer alan futbolçuların zədəli olmamasıdır. Bu mənada uzun müddət zədəli olan Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçesterin sıraya dönməsi sizi sevindirməyə bilməz.
- Əlbəttə, məşqçinin istəyi yetirmələrinin tam sağlam olmasıdır. Amma bəzən zədədən sığortalanmaq mümkün deyil. Siz dediyiniz oyunçular komandanın əsas heyətinin üzvləridir. Şükürlər olsun ki, müalicə prosesi qısa çəkdi və onlar sıralarımıza qoşuldular. Bu, məni olduqca sevindirir.
- “Kəpəz”dən əsas milliyə çağırılan Şəhriyar Rəhimov haqda nə deyə bilərsiz?
- Bizim üçün sevindirici haldır. Komandamızdan kapitanın yığmaya cəlb olunması hamımızın uğurudur. Arzu edirəm ki, davamlı olsun, onu tez-tez ölkənin əsas komandasında görə bilək. “Kəpəz”dən daha çox futbolçunun milliyə dəvət almasını istərdim. Amma hər şey oyunçuların özündən asılıdır. Bunun üçün onlar öz üzərlərində çox çalışmalı, inkişaf etməlidirlər.
saytlarin hazirlanmasi