"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda "Neftçi"ni səfərdə 2:1 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçir.
Sportal.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı əvvəlcə matçı dəyərləndirib.
- Kubok oyunu həmişə ağır olur. Bu gün də ağır keçəcəyini bilirdik. Görüşə həddən artıq köklənmişdik. Çalışırdıq ki, ilk qarşılaşmada cütün taleyini həll edək. Bu gün əla və hücum futbolu oynadıq. Fanatlarımıza təşəkkür edirəm ki, 200 km yolu qət edib, bizə dəstək verdilər. İki gündən sonra süni örtükdə “Zirə” ilə ağır matça çıxacağıq. Təbii qazondan süniyə keçid hər zaman çətin olur.
- Özünüzü finala nə dərəcədə yaxın sayırsız?
- Hesab 2:0 olanda vəzifəni yerinə yetirdiyimizi düşünürdüm. Ancaq hətta 3 top fərqinin də cavab oyununda yetərsiz qaldığını Çempionlar Liqasında da gördük. Bütün məsələlər cavab matçında həll olunacaq. Rəqibin gücünə bələdik. Cavab qarşılaşmasında daha aqressiv oynayacağıq.
- “Zirə” ilə oyundan sonra kubokun cavab görüşünə çıxacaqsız. Qısa intervalla matçlara çıxmaq rotasiyaları labüd edir?
- Yetərincə futbolçumuz var. Ruslanın olmaması bizi narahat edir. Abışov “Zirə” ilə oyunda da bizə kömək edə bilməyəcək. Peşəkarlıqdan, avrokuboklarda oynamaqdan danışırıqsa, futbolçu 3 gündən bir oyuna çıxmağa hazır olmalıdı.
- Bu gün “Qəbələ” zəif oynadı, ya siz güclü çıxış etdiz?
- Mən komandama baxıram. Biz sürətli oyun sərgilədik. Hər iki komandanın ifasında baxımlı mübarizə izlədik. Bura gələndən hücum və gözəl futbol oynamalı olduğumuzu söyləmişəm. Komanda qol buraxa da bilər. Mənim üçün müdafiədə oturmaq yaddı.
- Mirabdulla və Eminə əsas heyətdə şans verməməyiniz nə ilə bağlı idi?
- İki gündən sonra oyunumuz var. Rotasiyalar etməliyik. Mirabdulla və Emin neçə turdu əsas heyətdə oynayırdı və ona görə bu dəfə onlara dincəlmək imkanı verdil. Lukasa çoxdandı şans verməmişdik, bu gün yüksək səviyyədə çıxış etdi.
- Mustivar ilk dəfə 90 dəqiqə oynadı və qol ötürməsi verdi. Artıq əsas tam formaya düşdüyünü deyə bilərik?
- Məndə əsas və ehtiyat heyət yoxdu. Məşqlərdə kim özünü yaxşı göstərirsə, o da şans qazanır. Bu gün Mustivar da çox yüksək səviyyədə oynadı. Heyətə düşmək hər futbolçunun öz əlindədi. Bunun üçün məşqlərdə özlərini yüksək səviyyədə göstərməlidilər. (Newsport.az)
saytlarin hazirlanmasi