"Kəpəz"in futbolçuları master-klass keçdilər

16:30 - 13 Aprel 2018

Gəncə şəhər stadionunun süni meydançasında master-klass keçirilib.

 

Sportal.az xəbər verir ki, “Kəpəz”in əsas komandasının üzvləri tərəfindən keçirilən ustad dərslərində klubun aşağı yaş qruplarının 30-a yaxın futbolçusu iştirak edib.

 

“Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov uşaq və yeniyetmələrlə görüşdə ilk öncə onlara orta məktəbdə dərsləri yaxşı oxumağı tövsiyyə edib. Çalışdırıcı yaxşı futbolçu olmaq üçün məşq proseslərinə ciddi yanaşmağın vacibliyini, verilən tapşırıqların düzgün yerinə yetirilməsini önə çəkib.

 

Komandanın kapitanı Şəhriyar Rəhimov, qapıçı Davud Kərimi, yarımmüdafiçilər Dario Frederiko və Dieqo Souza da master-klassın əvvəlində öz dəyərli fikirlərini gələcək həmkarları ilə bölüşüblər.

 

Oynadığı dövrlərdə cərimə zərbələrinin mahir ifaçısı kimi tanınan Yunis Hüseynov belə zərbələrin dəqiq vurulmasının sirrlərini aşılayıb. Futbolçu karyerası ərzində qazandığı zəngin təcrübəni master-klass iştirakçıları ilə bölüşən məşqçi topun qapının hansı hissəsinə və necə vurulmasını nümunələrlə göstərib.

 

Əsas komandanın futbolçuları da öz bacarıqlarına əsaslanaraq müəyyən fəndləri nümayiş etdiriblər. Xüsusən də, uşaqların sevimlisi, çempionatın ən texnikalı oyunçuları arasında adı çəkilən Dario Frederikonun göstərdikləri maraqla qarşılanıb. Driblinqləri ilə rəqiblərə başağrısı olan braziliyalı yarımmüdafiəçi topla hərəkətlərin texnikasını izah edib.

 

Ustad dərslərinin sonunda əsas komandanın üzvləri uşaqlarla futbol oynayıblar. Onlar öyrənməklə yanaşı, həm də çox şən və maraqlı vaxt keçiriblər.

 

Qeyd edək ki, tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmək, onları məşqlərə həvəsləndirmək, eləcə də peşəkar futbolçu kimi yetişməsinə təkan vermək olub.

 

Master-klassın sonunda kollektiv xatirə şəkli çəkdirilib.

 

Tədbirdən sonra komandanın baş məşqçisi Yunis Hüseynov klub saytına fikirlərini bölüşüb: “Gəncə Azərbaycan futbolunun məskənidi. Buradan neçə-neçə güclü futbolçular çıxıb. Amma əfsuslar olsun ki, indi əsas komandada cəmi 2 yerli oyunçu var. Məqsədimiz Gəncə futbolunu inkişaf etdirib, əsas komandaya yeni futbolçular qazandırmaqdır. Uşaqlarla görüşdə onların futbola çox həvəsli olmasını gördüm. Bu, olduqca sevindirici haldır. Çalışmalıyıq ki, gələcəkdə yaxşı futbolçu olsunlar. Bunun üçün əlimizdən gələni etməliyik. İstər geyim, top, istərsə də, meydança baxımından uyğun şərait qurmalıyıq. Stadionun ərasizində qısa müddətdə məşq meydançaları salınıb gənc nəslin ixtiyarına veriləcək. Bundan sonra onlar daha da həvəslənəcəklər. Uşaqlara uğurlar arzulayıram, belə görüşlərimiz davamlı olacaq. Planda onları həvəsləndirəcək yeni layihələrimiz var. Gəncədə müxtəlif yaş qrupundan olan istedadlı, bacarıqlı oyunçuları klubumuza cəlb edəcəyik”.

Xəbər xətti