"Sumqayıt"ın məşqçisi: "Qalib gəlmək istəyən komanda belə futbol oynamazdı" MÜSAHİBƏ

19:24 - 18 Aprel 2018

“Sürətli, yaxşı oyun oldu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov deyib.

 

“Kimyaçılar” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Keşlə”ni qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra “Keşlə” finala adlayan tərəf olub.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Rəqibi təbrik edirəm, bizdən çox istəkli idilər. Bundan başqa, uşaqların üzərində təsir var. Amma bunları bəhanə etmək istəmirəm, rəqib bu gün bizdən çox istəkli idi”.

 

- Mehdi Cənnətov topu oyuna gec daxil edirdi. Bunun səbəbi nə idi?

- Bu gün Mehdiyə şəns verməyi qərara aldıq. Bəli, bu gün gecikirdi, bu fikirlə razıyam. Qalib gəlmək istəyən komanda belə futbol oynamazdı. Dediyim kimi, çox zəif çıxış etdik.

 

- “Sumqayıt”da qələbə ruhu yox idi. Bunun səbəbi nə idi?

- Daha tez qol vursaydıq, oyun başqa cür olacaqdı. Dediyim kimi, “Keşlə” çox istəkli idi. Onların belə oynayacağını gözləyirdik.  

 

- Komanda mövsüm ərzində Amil Yunanovdan asılı olur və bunun acısını çəkirsiniz. Bu fikirlə razısınız?

- Amilə inanırıq, ümidlərimiz böyükdü. Qışda bacardığımız qədər transfer etməyə çalışdıq. Amil öz balamızdı, irəliyə baxmaq lazımdı.

 

- Rəqib baş məşqçi oyunun gedişində xoşagəlməz hərəkət etdi. Buna münasibətiniz necədir?

- Bu, aqressivlikdən olur. Bu, hər bir baş məşqçinin başına gələ bilər. (Futbol11.az)

Xəbər xətti