"AFFA-nın borcu yoxdu..." deyib, idman mediasındakı maddi natarazlıq və disbalansa qarşı islahat aparmaqdansa, yaxasını geri çəkən qurum doğru etmir. Ən pisi isə bunu, işə məsul subyekt edirsə...
AFFA İctimai Birlik formatlı qurumdur. Ancaq maliyyəsinin əksər hissəsi dövlət büdcəsinin bazisi rolunu oynayan SOCAR-dandı və deməli, fəaliyyətinə nəzarət etdiyi sektorun sosialyönümlü layihələrini dəstəkləməli, bununçün müvafiq layihələri olmalıdır.
İB-nin bunu etməsi şərtdir. Ancaq etmədiyi və yaxud etməsinin şərt olmasına yazının əvvəlində qeyd olunan reaksiyası absurd həqiqətdir. Əslində, bu prosesdə də manipulyasiya var və bu, camiədəkilərə qismən məlumdur. Öz maraqlarına uyğun gələn KİV-lərə dotasiya ayrılması üçün layihələr təklif edən AFFA bununla müstəqil mediaya qarşı manipulyativ davranış sərgiləyir.
Araşdırma aparılsa, əldə olunacaq faktlar kifayət qədər anormal məqamları ortaya çıxarar.
AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamenti bu proseslərdə lokomotiv rolunu oynamaq bir yana, fəaliyyətsizlik göstərməklə, sanır ki, zaman udumu olacaq.
Ən əvvəl qeyd olunmalıdır ki, departament büdcəsi olan ştatdır. Vəsaitin hara və nə cür, hansı layihələrə xərclənəcəyi haqda raportlar azı yarım ili əhatə etməlidir.
Bundan əvvəl uzun illər müvafiq qurumun rəhbəri olan Mikayıl Nərimanoğlunun dövrü yalnız bir sözlə ifadə edilə bilər: fəaliyyətsizlik.
Ötən ilin oktyabrında məlum olaylar səbəbiylə qovulan Nərimanoğlunun əvəzinə təyin edilən depatamentin digər əməkdaşı Firuz Abdulla geridə qalan 8 ayda real addımlar atmağa nail ola bilməyib. Halbuki bu haqda AFFA-nın baş katibi Elxan Məmmədovun açıq-aşkar vədi və təklifi olmuşdu.
Departamentin format olaraq necə təşkil olunması haqda qayda və qanuna nəzər yetirsək, AFFA-nın bu istiqamətdəki fəaliyyəti qənaətbəxş sayıla bilməz.
Hələ də media nümayəndələriylə işgüzar xarakterli görüşlərin olmaması, əksinə, tərəfimizdən olunan təşəbbüslər.. və müzakirələrdə verilən təkliflərin boşa çıxması qurumun öz fəaliyyətinə ciddi "əl gəzdirməsinin" labüdlüyünü ortaya qoyur.
Elə olmasın ki, proses, "AFFA-nın borcu yoxdur..." həddində diletantlığa ensin. Bu absurddur, hətta ayıbdır. İnanırıq ki, müstəqil idman mediasının fəaliyyətinin yaxşılaşdırılması üçün müvafiq qurumun ciddi, detallı layihələri olacaq. Gözləyirik və baxırıq...
FutbolPress.az
saytlarin hazirlanmasi