Ramin Quliyev: "Bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı"

11:53 - 11 İyul 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iyunun 20-dən iyulun 10-dək Bakıda təlim-məşq toplanışı olub və milli yoxlama oyunlarında qüvvəsini sınayıb. 

 

Sportal.az xəbər verir ki, U-17 millisinin baş məşqçisi Ramin Quliyev yığmanın toplanışı ilə bağlı AFFA-nın saytına açıqlama verib:

 

“İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabr ayında bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı. Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.

Xəbər xətti