Kamal Quliyevdən sərt sözlər: "Cəsarətiniz çatırdısa, Qurban Qurbanova vaxtında etiraz edərdiniz" MÜSAHİBƏ

Millimizin sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
 
- Kamal Quliyev hazırda nə işlə məşğuldur?
- Heç bir işlə, bikardır.
 
- “Neftçi”dən ayrıldıqdan sonra təklif aldınız?
- Nə I Diviziondan, nə də Premyer Liqada təklif almamışam.
 
- “Neftçala”nı I Divizionda çempion etmiş baş məşqçiyə nə üçün indi təklif yoxdur?
- Bunun cavabı çox sadədir: bu gün futbolumuz qruplaşmanın əlindədir. Mən futbol oynadığım dövrdən qruplaşma üzvü olmamışam. Azərbaycan futbolu belə əhatənin əlindədir. On il əvvəl kiməsə əyri salam vermişəmsə, indi bu, həmin adamların yadına düşür. O insanlara da yazığım gəlir.
 
- Milli komandalarda baş məşqçi dəyişikliyi oldu. AFFA Kamal Quliyevə təklif göndərdi?
- U-17 və ya U-19-da işləyə bilərdim. Mən çalışdırmayıb kim çalışdıracaq ki? Bu, normal bir şeydir. Təklif olmadı. Bunun özəyini bilmirəm.
 
- Federasiya ilə probleminiz var?
- Mənim axı AFFA ilə nə problemim ola bilər? Heç kəslə problemim yoxdur. Rövnəq Abdullayevlə bağlı müsbət fikirlərim olub. Digərləriylə problemim olmaz. Sözün düzünü deyən insanam. Yəqin ki, hansısa müsahibəmdə kiminsə xətrinə dəymişəm, ya da onlara başqa cür çatdırıblar. Bu da artıq mənim işim deyil. Əbədi heç nə yoxdur. Bu gün Kamal işləmir, amma vəziyyətim çətin deyil, dolana bilirik. Onlar kimi çörək yeməkdənsə, bizim kimi bir parça çörək tapmaq daha qiymətlidir.
 
- U-21 milli komandasına Milan Obradoviçin təyinatını necə qarşıladınız?
- Bu, əsl biabırçılıqdır! Bundan əvvəl beş-altı məşqçini “karusel” kimi fırladırdılar. U-17-dən U-21-ə kimi növbəli şəkildə əvəzlənirdilər. İndi də əcnəbi məşqçini gətiriblər. Amma əsas millimiz baş məşqçimiz qalıb! Düşünmürlər ki, iki ay sonra bu komanda seçmə mərhələdə mübarizəyə başlayacaq. Ancaq bu komandada baş məşqçi yoxdur. Bunu götür-qoy etsinlər.

- Əsas yığmaya da əcnəbi mütəxəssisin gələcəyi gözlənilir.
- Bizim futbola əcnəbi lazım deyil. Milyonları havayı yerə çöllərə səpələməyə ehtiyac yoxdur. Sənin futboluna o vaxt əcnəbi baş məşqçi lazım olar ki, milli komandanın azı yeddi üzvü xarici çempionatlarda əsas heyət üzvləri olsunlar. Erməni futbolçu “Mançester Yunayted”ə kimi getdi. Ancaq Avropanın aşağı səviyyəli ölkəsində belə top qovan azərbaycanlı tapılmır. Top qovanları da çox yaxşı görürük, necə və nəyin hesabına oynayırlar. Bundan danışsınlar.
 
- AFFA Məşqçilər Komitəsinin üzvləri milliyə namizədlərin kimlərin olduğunu bilmirlər. Bəs bu komitə nəyə lazımdır?
- “Neftçala” ilə çempion olanda çox üzüldüm. Mən sözün düzünü danışıram, amma onların xətirlərinə dəyir. Düz söz axı səni niyə incitsin? Axı siz biz məşqçiləri orda təmsil edirsiniz. Kənar adamlar deyilik ki. Eyni millətin övladlarıyıq. Niyə mənim sözüm onların xətrinə dəyir, amma onların dedikləri mənə təsir etmir? AFFA-da bizi təmsil edirlər, amma nə üçün susduqlarını özlərindən soruşmaq lazımdır. Demirəm ki, boş-boş işlər görürlər. Kim bilir, bəlkə də ortaya iş qoyurlar. Amma lazımlı qərarlar var axı. O qərarlarda sən müzakirə etməlisən, fikir yürütməlisən, sözünü isbatlayıb deməlisən. Qurban Qurbanov yığmaya gələndə hardan bilərdi ki, bir il sonra millidən onu çıxaracaqlar. Hardan biləydi axı? Qurban Qurbanov U-16, U-18, U-20 yığmalarını yaratdı. Pis iş gördü? Qurbanov həmin yığmaları yaratmağa qərar verəndə çıxıb qabağa deyərdilər ki, bizə bu millilər lazım deyil. O gedəndən sonra açıqlayırlar ki, bu üç milliyə ehtiyac yoxdur. Bunu Qurban Qurbanov qərar verən zaman demək lazım idi, indi yox. Qurbanovun əlində proqram var idi və işini görməyə başlamışdı, nə etdiyini bilirdi. Axı sən niyə vaxtında etiraz etmirsən? Cəsarətiniz çatırdısa, onda deyərdiniz ki, bizdə nə vaxtsa U-16 millisi olub ki, indi də yaradaq? Niyə demədilər?
 
- Qurban Qurbanovun millidə çalışması uzun müddətə nəzərdə tutulmuşdu. Onun bir ildən sonra yığmadan göndərilməsi nə dərəcədə doğru qərar oldu?
- Əlbəttə, bu, uzun zaman üçün nəzərdə tutulmuşdu. Bu, doğru qərar deyil. Bu adama güvənib gətirmişdinizsə, vaxt verməli idiniz. Nə oldu, Berti Foqtsa on il vaxt veririk, amma öz məşqçimizə bir il? Müqayisə edin də. Foqts bu illər ərzində nə iş gördü? Öz məşqçimizə sən niyə bir il vaxt verirsən ki? Milli biabırçı vəziyyətə düşüb. Bundan danışsınlar! Guya Robert Prosineçkini göndərmək istəyirdik? O, özü çıxıb getdi. Prosineçki dedi ki, Azərbaycanda bundan artığını edə bilmərəm. O, reallığı söyləyib, düz deyir. Qurbanovla uzun müddətli müqavilə bağlanmışdı və o da proqramını tərtib edəcəkdi. Ancaq sən gəl, öz yerli məşqçinə bir il vaxt ver. Sən bu adama imkan verməlisən ki, işləsin də. Foqtsa on il vaxt ver, amma Qurbanova bir il. Bu nə dərəcədə doğru ola bilər? Bu qərarlar veriləndə bizi orda təmsil edən futbol veteranları, məşqçiləri, mütəxəssisləri belə şeylərə diqət yetirməlidirlər. Burda inciməli və küsməli nə var? Bundan sonra yüz il də yaşasam, yenə deyəcəm ki, Vaqif Sadıqov, Ağasəlim Mircavadov mənim üçün böyük məşqçilərdir.
 
- Azərbaycan futboluna kənardan baxmağa davam edəcəksiniz?
- Həyatın işini bilmək olmaz. İndi kənardan baxırıq.
 
- Azərbaycan Premyer Liqasına kənardan baxanda həzz ala bilirsiniz?
- Elə dəhşət həzz alıram ki, ömrümdə duymadığım hisslərdir! Çempionatda dad qalıb? Səkkiz komandalı yarışın nə marağı olsun? Rəhmətlik Böyükağa Hacıyev deyirdi ki, mənim vaxtımda yeddi-səkkiz komanda çempionluq üçün yarışırdı. Ancaq indi cəmi səkkiz komanda qalıb.
 
Mehman ƏŞRƏFOV
Tarix: 23 Yanvar [09:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio