Qara Qarayev: "Bu, bəzi insanların idmançılara qarşı boş-boş, mənasız düşüncəsidir" MÜSAHİBƏ

"Qarabağ"ın və millimizin üzvü Qara Qarayev qol.az saytına müsahibə verib.

 

Sportal.az həmin müshaibəni təqdim edir:

 

- Hardasa ay yarım əvvəl AFFA İcraiyyə Komitəsi Qurban Qurbanov və onun məşqçi komandasını istefaya göndərəndə buna reaksiyan necə oldu?

- Qurban müəllim futbolumuza ən çox qayğı, diqqət göstərən, burada ən çox əziyyəti olan insanlardan biridir. Onun işini görmək istəyirsənsə, klublara nəzər sala bilərsən. Görərsən ki, hər klubda ən azı 1-2 nəfər onun komandasında, rəhbərliyi altında oynayan futbolçu var. O, Azərbaycan futbolu üçün çox şeylər edib. İndiyədək qazanılmayan uğurları bəxş edib. Qərarı əlbəttə ki, federasiya verib. Amma düşünürəm ki, futbolçuları yaxından tanımaq baxımından Qurban müəllim işini yüksək səviyyədə bacarırdı. Həm oyunçuları yaxşı tanıyırdı, həm hər şey yavaş-yavaş düzəlməyə doğru gedirdi. Fikir versəniz, görərsiniz ki, biz Millətlər Liqasında yalnız son oyunda uduzduq. Ona kimi məğlub olmamışdıq. Düzdür, hamı qrup qalibi olmağımızı gözləyirdi. Buna baxmayaraq, oynadığımız komandalar heç də zəif deyildilər.


- Ümumi fikrindən belə anlaşılır ki, sənə görə AFFA-nın qərarı doğru olmayıb...

- Federasiyanın verdiyi qərara hörmətlə yanaşmaq məcburiyyətindəyik. Amma bir futbolçu, milli üzvü olaraq, düşünürəm ki, çox yaxşı bir məşqçimizi itirdik.

 

- AFFA-nın baş katibi Elxan Məmmədov da demişdi, zaman-zaman futbol ictimaiyyətində də belə bir vardı ki, Qurban müəllimin həm “Qarabağ”da, həm də millidə işləməsi ona mane olur. Bəs, sən bir futbolçu kimi belə bir şey hiss etdinmi?

- Belə deyim də, hiss etməyimiz necə oldu? Qurban müəllimin üzərinə haqsız basqı çox oldu. Bu təzyiqlər olmasaydı, hər iki işinin öhdəsindən rahatlıqla gələrdi. Deyirdilər ki, iki yerdə işləyə bilməz. Amma hər iki komandada lazımı səviyyədə fəaliyyət göstərirdi. Götürək “Qarabağ”ı. Protokol xətası olmasa idi, indi çempionatın ilk hissəsini “Neftçi” ilə bərabər xalda bitirəcəkdik.


- İstefa qərarından sonra diqqətimi bir məsələ də çəkdi. Millinin bir çox futbolçusu sanki Qurban Qurbanova açıq dəstək verməyə, başqa sözlə, AFFA-nın qərarından narazılıq ifadə etməyə çəkindilər.

- Biz futbolçu olaraq, müəyyən məsafəyə qədər danışa bilirik. Bundan artıq gedə bilmirik. Yenə də milli komandanın oyunçularıyıq. Bu gün Qurban müəllim orda yoxdur deyə, o demək deyil ki, başqa məşqçi ilə işləməməliyik. Bundan sonra kim gələcəksə, yenə çalışacağıq ki, millimiz üçün canımızı qoyaq. Amma mən bildiyimə görə, bəzi futbolçular həqiqətən dəstək oldular. Qurban müəllimin işi - obyektivliyi, doğruluğu, milliyə, kluba vicdanlı yanaşması, can yandırması göz qabağında idi. Ancaq biz – istər futbolçular, istər federasiya, istər Qurban müəllim, verilən qərarlara yalnız sayğı duya bilərik.

 

Related image

 

- Altıncı ildir ki, milli komandada çıxış edirsən. Kiçik istisnalarla futbolda uğurlarımız yoxdu. Azarkeşlər tərəfdən tərif deyil, daha çox tənqidlər, bəzən hətta təhqirlər eşidirsiniz. Bunlar sənə necə təsir edir?

- Rəhmətlik Böyükağ Hacıyev deyirdi ki, həyatda ən asan bir şey var - o da məsləhət vermək. Doğrudan da məsləhət vermək çox asandır. Dediyiniz kimi, bəziləri bizi qınayır, bəziləri tənqid, təhqir edir. Amma Azərbaycanda məşqçilərimizdən, kollektivimizdən başqa, bizə irad bildirmək haqqına sahib heç kim yoxdur. Nəyə görə? Çünki biz meydanda əlimizdən gələni edirik. Nəticəni demirəm, hər şey ola bilər. Uda da bilərik, uduza da. Əlimdən gələn budursa, nə edə bilərik? Amma kimsə kənardan elə məsləhət verir ki, sanki biz yox, o özü meydanda olub, 90 dəqiqə qaçıb, can yandırıb, biz isə meydanda gəzmişik. Elə deyil.  Danışmağa haqqı olan adamlar varsa, o da bizim komandadır.

 

- Qeyd edirsən ki, meydanda can qoyursunuz. Amma Kosovo ilə oyundan sonra şəxsən sənin özünə yönələn tənqidlər oldu ki, matçdan öncə himnimiz fitə basılsa da, meydanda heç nə etmədin.

- Bəzən fikirləri qarışdırırıq. Küçədə kimsə himnimizi fitə bassa, onunla dalaşarıq. Biz meydanda dalaşmalıydıqmı? Futbol oynamalı, qələbə qazanmalı idik.

 

- Bunu da edə bilmədiniz...

- Hə, edə bilmədik. Niyə? Ona görə ki 1-ci dəqiqədə artıq hesabda geridə idik. Özü də Kosovo kimi yerdə. Azarkeşlər bir dəqiqə susmadılar. Qol vurulandan düz axıra kimi komandalarını dəstəklədilər. Çünki onlarda inam var idi.

 

- Siz futbolçuların üzərinizə niyə bu qədər basqı olur, bununla bağlı da fikrimi deyim. Cəmiyyətdə müəyyən təbəqə var, düşünür ki, futbolçu yaxşı pul qazanır, bahalı xarici maşınlarda gəzir, yaxşı həyat tərzi sürür. Mən əlbəttə, sizin özəl həyatınıza qarışmaqdan uzağam. Elə futbolçular var ki, onlar həqiqətən pulu öz layiqli oyunları ilə qazanırlar. Amma elələri də var, qazandıqlarının qarşılığını vermirlər. Məşhur filmimizdə də deyildiyi kimi, 8 min manat alıblar, oynamaqlarına bax.

- Mən ümumiyyətlə, bu fikirlərlə razı deyiləm. Özüm hansı işdə işləmişəmsə, çalışmışam ki, vicdanla qarşılığını verim. Peşəsindən, sənətindən asılı olmayaraq, hamı öz işinin haqqını ödəməlidir. Mən də hər zaman komandadan aldığım məvacibin qarşılığını verməyə çalışmışam. Düşünürəm ki, yetəri qədər ödəmişəm, bundan sonrakı həyatımda da belə olacaq. Amma kənardan idmançılara, xüsusən futbolçulara qarşı aqressiv yanaşma var. Deyirlər ki, pulu çox alırsınız, oynamırsınız. Məncə, bu məsələlərə obyektiv yanaşsalar, bizə çox yardım etmiş olacaqlar.

 

Image result for arsenal qarabag

 

- Azarkeş sizə nə yardım etsin?

- Öncə onu deyim ki, bizim futbolumuzdakı uğurlarımızda azarkeşlərimizin payı böyükdür. İstər millinin, istərsə də “Qarabağ”ın matçlarından onların dəstəyini hiss etmiş, bizə sədaqətlərini həmişə görmüş və minnətdarlıqla qeyd etmişik. Həqiqətən aralarında elələri var ki, oyunumuzu doğru tənqid etməklə bizə faydaları dəyib. Amma elə azarkeşlər də var ki, oyun qalıb kənara, toydakı iştirakımızdan danışırlar. Bu, artıq qeyri-obyektiv yanaşmadır. İdmançıları doğru tənqid etmək lazımdır.

 

- Yeri gəlmişkən, Kosovo ilə matçdan sonra bir toydakı rəqsinin videosu paylaşılmışdı. Təxminən belə bir fikir vardı ki, toyda meydandakından daha yaxşı oynayır..

- Bu, bəzi insanların mənə, bütün idmançılara qarşı boş-boş, mənasız düşüncəsidir. Dostumun toyunda qol qaldırıb oynamaq ayıb bir şey deyil axı. Siz mənim Kosovo ilə oyunumdakı bəzi çatışmazlıqları tənqid etsəniz, daha faydalı olacaq. Bir də onu deyim ki, bu il həqiqətən çox gərgin keçdi. Məndə heç vaxt belə şey olmamışdı. Təsəvvür edin, “Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsinə düşürük, 1-2 tur keçir, BATE-yə uduzuruq, tənqidlər başlayır. Amma sonra “Şerif”i uduruq, hər kəs bizi dağ başına qaldırır. “Şerif”i udub, qrupa düşürük, sonra millinin oyunları başlayır,orada uduzuruq, hamı yenə bizi tənqid edir. Sonra “Vorskla”nı uduruq, yenidən qalxırıq. 2-3 gündən bir bizə olan münasibət yaxşı və ya pisə doğru dəyişir.

 

- Hesab etmirəm ki, bu, tək azərbaycanlı futbolçulara qarşı belədir. Bütün dünyada azarkeş, media hər zaman nəticə tələb edir.

- Axı, 3 gün ərzində fikir pisə və ya yaxşı doğru dəyişməməlidir.

 

- Yəni sənə görə, “Qarabağ”ın futbolçuları Çempionlar Liqası, Avroliqanın qrupunda oynayıb deyə həmişə qəhrəman statusunda olmalıdır?

- Yox, elə deyil. Sadəcə, mən bir həftə ərzində dəyişən auranı nəzərdə tuturam. Məsələn, biz Avroliqada oynadıq, qrupa düşdük, hər kəs “halaldı, halaldı” deyir. 5 gün sonra milli komandada nəticə yaxşı olmur, hamı tənqid etməyə başlayır. Demirəm, bu, yanlış bir şeydir. Sadəcə, futbolçu olaraq, bu psixologiyanı qoruyub-saxlamaq həqiqətən çox çətindir.

 

- Özünü azarkeşin yerinə qoysan, Malta kimi komandanı uda bilməyən futbolçularımız haqda nə deyərdin?

- Onda detallara getməliyik. Hər şeyi araşdırmalıyıq ki, nəyə görə belədir. Bu gün Malta kimi ölkənin çempionatında 14 komanda çıxış edir. 450 min əhalisi var. Rayonlarımız var ki, ərazisinə görə Maltadan 2 dəfə böyükdür. Sizə xatırladım ki, bizim klublarımız bu mövsüm Avroliqada məhz o cür ölkələrin klublarına uduzdular. “Keşlə” Malta, “Qəbələ” Lüksemburq klubuna məğlub oldu. Bizim zəif sandığımız ölkələr klublarımızı uddu. Biz də məhz həmin uşaqlarla gəlib, milli komandada onların yığmasına qarşı oynadıq.

 

- Uzun illərdi millinin üzvüsən, “Qarabağ”ın heyətində Çempionlar Liqasında “Çelsi”, “Atletiko”,”Roma” kimi klublara qarşı oynamış futbolçusan. Avroliqada yetərincə təcrübən var. Azərbaycanda boş tribunalar qarşısında oynamaq səni artıq bezdirməyib? Düşünmürsən ki, artıq Azərbaycan çempionatından kənara çıxım?

- Bezdirməyib, amma bu amil məni çox düşündürür. Bəlkə də desəm, bu hissə tam olaraq anlada bilməyəcəyəm. Təsəvvür edin, çempionatın hər oyununa 30 min adam gəlir. Allaha and olsun, çempionatın səviyyəsi, bura olan maraq çox sürətlə artar. İndi isə  bəzən elə oyunlar olur ki, stadiona 50-100 azarkeş gəlir. Üstündən 1 həftə keçir, Avroliqa oyununa 60 min tərəfdar toplaşır. Sonra isə yenə yerli oyunlarımıza 50-100 azarkeş gəlib.

 

- Sualım azarkeşlərlə bağlı deyil. Qara Qarayevə Azərbaycandan çıxmağa nə mane olur? Təcrübən ölkə xaricində oynamaq üçün yetərli deyil, yoxsa yaxşı agentinmi yoxdur? Niyə bugün millimizin üzvləri gedib xaricdə oynaya bilmirlər? Söhbət ölkə daxilində çıxış edən futbolçulardan gedir.

- İnandırım sizi, yaxşı təklif yoxdur. Yaxşı təklif deyəndə nəyi nəzərdə tuturam? Mən demirəm ki, Azərbaycanda aldığım puldan 10 dəfə artıq olmalıdır. Yox, sadəcə, normal şərtlər altında normal bir çempionat olsa, gedib oynamaq olar.

 

- Hazırda Azərbaycan millisi üçün də çox həssas bir dönəmdir. Çünki hələ yeni baş məşqçi təyin olunmayıb. Sən özün yığmada kimi görmək istəyərdin? Yerlimi olsun, yoxsa əcnəbimi?

- Yəqin ki, artıq AFFA rəhbərliyi də yerli məşqçilərlə işləməkdə maraqlı deyil. Çünki bu, son hadisələrdən də bəllidir. Fikirləşirəm ki, artıq bu məsələ öz həllini tapmalıydı. Hər il olduğu kimi Antalyada 3-4 günlük təlim-məşq toplanışı keçirilməliydi. Amma gecikirik. 2 aydan sonra artıq rəsmi oyunlarımız başlayacaq.

 

- Yəni deyirsən ki, bu, millinin çıxışına təsir edəcək?

- Sözsüz ki, təsir edəcək. Biz yeni gələn məşqçinin nə istədiyini, hansı dəyəri verdiyini, hansı düşüncəyə malik olduğunu bir həftə içində anlaya bilmərik ki. Bizə də vaxt lazımdır ki, məşqçimizi tanıyaq, ən azından bizdən tələblərini, komandanı hansı sistemdə oynatmaq istədiyini bilək. Əfsuslar olsun ki, bu gün gecikirik. Səbəbini bilmirəm, amma yəqin ki, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır.

Tarix: 28 Yanvar [15:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Mart 2019
24  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio