Kamal Quliyev: “Yurçeviç də “zakaz”a işləsə, günümüz çətin olacaq”

22:30 - 11 Fevral 2019

Millimizin sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
 
- Xorvatiyalı baş məşqçi Nikola Yurçeviç millimizin baş məşqçi postuna təyin edildi. Bu qərarı necə qarşıladınız?
- Hər bir azərbaycanlı kimi, bu millini sevən bir şəxs kimi, xeyirli olmasını istəyirəm. Ancaq mən öz fikrimin üstündə qalmışam. Hamının qərarlarına, fikirlərinə hörmət edirəm. Nikola Yurçeviçi milliyə gətirən şəxslərin qərarına da hörmətlə yanaşıram. Ancaq bizim əcnəbiyə məşqçiyə ehtiyacımız yoxdur. Bu seçimdənsə, Robert Prosineçki bizə daha uyğun idi. Onu yığmada saxlamaq daha yaxşı olardı. Xeyirli olsun, millimiz uğurlu çıxış etsin. Ümid edirəm ki, belə də olar. Yurçeviçin proqramı olsun və futbolumuza fayda versin. Gənc futbolçularımıza yol açmasını arzu edirəm. Əgər digərləri kimi gəlib “zakaz”a işləsə, bizim günümüz çətin olacaq.
 
- Yurçeviçin karyerası ilə tanışsınız?
- Əlbəttə, baxmışam, maraqlanmışam. Usta futbolçu oynadığı klublardan asılı olmayaraq, dahi baş məşqçi ola bilməz. Bunu tarix də göstərir. Tərcüməçilikdən baş məşqçiliyə gələn adamlar var. Sıradan bir futbolçu ola bilərsən, ancaq məşqçi kimi ciddi uğurlar qazanarsan. Bu seçim olunubsa, bizdən uğurlar arzu etmək qalır. Seçmə mərhələ oyunlarından sonra qəti fikir bildirmək olar.
 
- Nikola Yurçeviç ötən gün açıqladı ki, AFFA AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı hədəf qoymayıb.
- Hədəf qoyulmayıbsa, elə digər yerli mütəxəssis təyin edilərdi də. Ya da Qurban Qurbanov qalardı postunda. Həmin yerli məşqçinin də praktikası artardı. Əgər qarşımıza məqsəd qoymamışıqsa, niyə pulu artıq xərcləyirik? Danışıram, daha da pis oluram. Nə deyəsən? Öz danışdığımı elə özüm eşidirəm. İnanaq ki, məqsədsiz insan olmayacaq, işində hədəf müəyyənləşdirəcək. Bir işdə məqsəd yoxdursa, yalandan baş qatmaq olacaq.
 
- Serb mütəxəssis Miloş Velebit U-15 və U-16 yığmalarında baş məşqçi olmaqla yanaşı, milli komandaların koordinatoru olacaq. Azərbaycanda PRO kateqoriyasına sahib olan gənc mütəxəssislər var ki, işsiz-gücsüz qalıblar. Bu təyinata münasibətiniz necədir?
- PRO vermək artıq adiləşib. Bu gün idarəçiliyə cavabdeh şəxslər belə qərar verirlər. Bizi Məşqçilər Komitəsində təmsil edən şəxslər gərək, belə şeylərə göz yummasınlar. İşlərinin xatirinə nəyəsə susmasınlar, etiraz etsinlər, danışsınlar, fikir bildirsinlər. Nə üçün bizdə məşqçilik məktəbi açılıb? Hər il filan qədər gənc məşqçi kateqoriya alır. Nə üçün və nə səbəbə alırlar? Özüm də çaş-baş qalmışam.
 
- AÇ-2020-nin seçmə mərhələsinə az müddət qalmış təyinat açıqlandı.
- Bu, gecikmiş təyinatdır. Məsuliyyəti öz üzərindən atan insanlar baş məşqçinin olmadığını, axtarışlar etdiyini və tapmadıqlarını deyirdilər. Sona bir ay qalmış axır ki, məşqçi tapıldı. Bizim vaxtımız da var idi. Məşqçi seçimi də bol idi. Sadəcə, bu, düşünülmüş plandır. Bu, şəxsi fikrimdir. Final mərhələsini düşünənlər Qurban Qurbanovun ayrılığının səhəri günü yeni baş məşqçini açıqlamalı idilər. Atalar yaxşı deyiblər: arxadan atılan daş topuğa dəyər. Bəlkə də bu, kimlərəsə sərf edir. Düzünü deyəndə nə olar ki?
 
Mehman Əşrəfov

Xəbər xətti