Kamal Quliyev: "Azərbaycan futboluna baxanda 70 yaşlı ahıl kişinin əsası ilə yeriməsini görürəm" MÜSAHİBƏ

10:18 - 21 May 2019

Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
 
- Yeni mövsüm üçün sizə təkliflər var?
- Real təkliflər yoxdur. Klubların birindən uşaq futbolu ilə bağlı təklif aldım. U-16 komandasında baş məşqçi olmağımı istəyirdilər, ancaq qəbul etmədim. Çünki bu, mənim üçün geriyə addım olacaqdı. Razılaşmadım, getmək istəmədim.
 
- AFFA-dan millilərdə işləmək üçün təklif almamısınız?
- Xeyr, təklif almadım.
 
- Niyə siz və digər keçmiş futbolçular indi işsizdir?
- Mən və digər əziyyəti, haqqı olan bir çox məşqçi kənarda qalıb. Səbəbini isə bilmirəm. Həmişə deyirəm ki, hamıya şans verilməlidir. Fərqi yoxdur, Kamaldır, Əlidir, Həsəndir. Çünki hər kəsin futbolda əziyyəti, əməyi olub. Buna görə də onların işləməyə haqqı var. Təkliflər edilməlidir. Ancaq təəssüf edirəm. Vəziyyət belədir.
 
- AFFA ilə problem yaşamısız?
- Mənim federasiya ilə nə problemim ola bilər? Müsahibələrimin hamısına baxsalar, görərlər ki, AFFA barədə neqativ nəsə deməmişəm. Rövnəq Abdullayev barədə müsbət fikirlər söyləmişəm. Belə insanlardan futbolda yaxşı mənada istifadə etmək lazımdır. Başqa məqamlar yoxdur. O vaxt “Neftçala” ilə çempion olanda bəzi adamlar dedi ki, çox danışdın, üzərlərinə gedirsən. Bu da normal qəbul edilməli idi axı. Özümə görə etmirdim. Azərbaycan futboluna görə danışırdım, üzərlərinə gedirdim. “Neftçala”dakı komandamda 6-7 futbolçu var idi ki, onlardan zəif oynayanlar bu gün Azərbaycanın ortabab klublarında çıxış edir. Mən də ona təəssüf edirdim. Deyirdim ki, bu uşaqları qazanaq. Ona görə dalaşırdım, sözlərimi deyirdim, mübarizə aparırdım. Özümə qalsaydı, nə işimə qalıb? Mən bu gün nə demişəmsə, haqqı səsləndirmişəm. Kiminsə ünvanına təhqir söyləməmişəm, mühakimə etməmişəm. Hər kəsin fikrinə də hörmət etmişəm. Fikirlərimi demişəm, bu, cinayət deyil. Cinayət odur ki, bu gün Azərbaycan futbolunun vəziyyəti günü gündən daha da aşağı düşür. Əsl cinayət budur! Bu qədər pulların, maliyyə dəstəyindən sonra çempionatın səvviyəsi daha da geriləyir.
 
- Azərbaycanı xaricdə təmsil edən futbolçular barmaqla sayılacaq qədərdir. Niyə bu gün Kamal Quliyev, Zaur Tağızadə kimi futbolçular yetişmir?
- Onları yetişdirmək üçün gərək, Kamal, Zaur olasan. Xarakter, əqidə, mübarizlik olmalıdır. Bu gün futbolçularımız tamamilə fərqli ab-havada yetişir. 12 yaşlı uşaq akademiyada pulu düşünür, futbolu yox. Ancaq biz futbolu fikirləşirdik, pulu yox. Bizə deyirdilər ki, futbolla yaşa, nəfəs al, pul özü gələcək. Həqiqətən də belə oldu. Uşaq futbolunda ab-hava başqadır. Bu gün klublarımızda pis-yaxşı oynayıb ailə saxlamaq üçün şərait ola bilər. Ancaq böyük futbol tam başqadır. Usta futbolçulara qarşı oynamaq, böyük stadionlarda çıxış etmək, minlərlə azarkeş önündə top qovmaq tam başqa hissdir. Mən deyərdim ki, belə arzular futbolçularımızın 90-95 faizində yoxdur. İndi hər şey tam fərqlidir.
 
- Əlinizdə olsa, Azərbaycan futbolunda hansı üç dəyişikliyi edərdiniz?
- Öncə maliyyə limiti tətbiq edərdim. Futbolçuların maaşında limit qoyardım ki, zəhmət çəkib, ölkə xaricinə yollansınlar, böyük futbol görsünlər. Daha böyük pullar qaznmaları üçün bu addımı atardım. İkincisi isə uşaq futbolunda böyük inqilab edərdim. Son olaraq, çempionatdakı komandaların sayını artırardım. Futbol adətləri olan bölgələrimiz var. Orada futbolu yenidən qaldırardım və yaşadardım. Həmin bölgələrdə futbol olsa, ölkəyə xeyri olacaq. Ola bilməz ki, Tovuzda ilə ən azı bir futbolçu yetişməsin. İdman şəhəri adlandırdığımız Gəncədən ilə bir futbolçu çıxmayacaq? Sumqayıt, Quba, Qusar, Şəmkir, Masallı, Lənkəran kimi bölgələrdən futbolçu yetişməyəcək? Bu şəhərlərdə futbola qayğı göstərilsə, qazanan Azərbaycan olacaq. Milli komandalara da təsiri böyük olacaq.
 
- “Sumqayıt”ın strategiyası belədir ki, bu klubda yalnız Azərbaycan pasportu daşıyan oyunçular çıxış edə bilər. Ancaq bu komandadan yığmaya milliləşdirilmiş iki futbolçu – Əli Babayev və Aleksey İsayev dəvət alıb. Əgər bu, inkişafa təsir etmirsə, milliləşdirilmiş futbolçular yığmaya dəvət alırsa, Sumqayıt futboluna faydası necə ola bilər?
- Məncə, faydası yoxdur. Bu da yəqin ki, orada çalışan insanların fikridir. Kluba nəzarət edən şəxslər belə olmasını istəyir. Onların fikri görünür, belədir. Çox təssüf edirəm ki, Sumqayıt futbolunda vəziyyət belədir. Bu şəhərdə yetişən futbolçular həmişə iddialı klublarda, milli komandalarda olub. Bu strategiya özünü doğrultmur. Uğursuz olduğunu görə-görə hər il bunu davam edirlər. Bunu dəyişmək lazımdır. Uğur qazanmaq istəyiriksə, dəyişmək lazımdır. İş prinsiplərində fərqlilik olmalıdır. Əgər bura yığmanın bazası kimi baxılırsa və yekunda iki əcnəbi milliyə dəvət alırsa, daha nə faydası var?
 
- Azərbaycan Premyer Liqasında mövsümü “Qarabağ” çempion tamamladı. “Neftçi”nin liderliyini əldən verməsi sürpriz olmadı?
- Xeyr, heç bir sürpriz olmadı. “Neftçi” xeyli irəli olanda demişdim ki, mövsümün sonunda hamı öz yerini tapacaq. Çox təssüf ki, “Neftçi” bu cür şansdan yararlana bilmədi. “Qarabağ”ın məşqçilərinin başı milli komandalara qarışmışdı. Üstəlik, avrokuboklarda da çıxış edirdilər. Bu cür şansdan “Neftçi” yararlanmadı və böyük xal fərqini qorumadı. Bunu gözləyirdim. Baş məşqçi Roberto Bordin mövsümün əvvəlində müsahibəsində demişdi ki, transferlərə qarışmıram, rəhbərlik həll edir. Bunlardan hansınsa söz deyəsən? Məşqçi futbolçuları görməli və qərarı onun rəyinə əsasən, vermək lazımdır. Mən bilmirəm, bu da təzə kəşfdir? “Neftçi”ni bu mövsüm əks-hücum komandası kimi gördük. Ancaq bu komanda daim hücum futbolu oynayıb. Roberto Bordinlə heç bir işıqlı gələcək görmürəm.
 
- Azərbaycan futbolunu kənardan necə görürsünüz?
- 70 yaşlı ahıl kişinin əlində əsası ilə yeriməsini görürəm. Bu, realdır. Kimsə buna don geyindirmək istəyirsə, gözünün içinə qədər yalan deyir. Ya da öz işini itirməmək üçün belə edir. 
 
- Azərbaycan futbolundan incimisiniz?
- İnciməmişəm. Adım-sanım var. Bu gün bir çoxlarından fərqli olaraq, sözümü açıq şəkildə deyə bilirəm. Vay o insanların halına ki, pultla idarə edilirlər. Mən onlardan fərqliyəm. Çörək pulumu qazanıram, bu, hər şeydən gözəldir. “Babək” filmində deyilir ki, sən bilmədin azadlığın nə olduğunu. Mən bunu həmin insanlara demək istəyirəm ki, azadlıq və şəxsi fikirlərinizi söyləməyin nə olduğunu bilmədiniz. Babəkin “Bir gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən yaxşıdır” cümləsi ilə yaşayıram.
 
- Bir çox veteran futbolçu ölkə futbolundakı qüsurları tənqid etməkdən çəkinir.
- Mən işlədiyim vaxtda da danışmışam. Çalışdığım kollektivdə rəhbərliyə demişəm ki, məndən nəticə tələb edin, amma işimə müdaxilə etməyin. Məşqçilər var ki, müqəvva kimi sözə əməl edirlər. Onlar qorxaq və aciz insanlardır.
 
- Azərbaycan futbolunda bu sistemlə nəsə gözləməyə dəyər?
- Nə uğur gözləyə bilərik? Səkkiz komandamız var. Ölkə daxilindəki futbolçuların yarısından çoxu legionerdir.
 
- Əgər uğurun olmayacağını deyirsinizsə, nə üçün veteranlar toplaşıb müvafiq yerlərə problemləri demir?
- O vaxt “Neftçala” söhbətində AFFA-da bizi təmsil edən veteran məşqçilər mənə dişlərini qıcadı. Bəziləri hətta müsahibə verdi. Bizi orda siz təmsil edirsiz. Hər qərara dəstək olmaq olmaz. Axı siz futboldan çıxmısınız və nəyin necə olduğunu gözəl bilirsiniz. Heç kəsi də qınaya bilmirəm. Bu gün hamı bir tikə çörəyə görə başını aşağı salıb, işiylə məşğul olur. 
 
Mehman

Xəbər xətti