Yakub Jezniçak: "Polşalı insanların Azərbaycan barədə düşüncələrini dəyişməyə nail oldum"

Mövsüm başa çatan kimi "Qarabağ"dan ayrılan polşalı müdafiəçi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az sportowefakty.pl saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Ağdam klubundan ayrıldıqdan sonra sabiq komandası "Legiya"ya qayıtmaq istədiyini, ancaq bunun alınmadığını deyib. Plotsk "Visla"sı ilə müqavilə bağlayan təcrübəli futbolçu bunları bildirib:

 

"Ümid edirdim ki, bəlkə, "Legiya"ya qayıdaram. Ancaq onların bunu istəmədiyi görünür. Müxtəlif yolla əlaqə qurmağa çalışsam da, reaksiya verilmədi. "Legiya"da oynadığım vaxt orada idman direktoru olmuş Marek Yojvyakın tövsiyəsiylə "Visla"nı seçdim".

 

Jezniçak Azərbaycanda oynadığı vaxtlardan danışıb:

 

"Qarabağ"da əla iki il keçirmişəm. Oranın insanları barədə mənfi sözlər deyə bilmərəm. Azərbaycanın yaxşı futbolu var. İki il ərzində iki dəfə çempion oldum. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Bakıda gözlədiyimdən də yaxşı mənzərə ilə qarşılaşdım. Yeni mədəniyyətlə tanış oldum, gözəl Bakını gördüm. Polşalı insanların bu ölkə barədə düşüncəsini dəyişməyə nail oldum. Həmyerlilərimizin çoxu Azərbaycanın üçüncü dünya olduğunu fikirləşir. Reallıq isə fərqli mənzərəni göstərdi. İnsanlar əcnəbilərə qarşı mülayimdir. Fərqli dinlərə inancı olan insanlar narahatlıq vermir. Baş məşqçimiz müsəlman idi. Orada özümü çox rahat hiss etdim".

 

Polşa millisinin sabiq üzvü "Qarabağ"da az oynamasında danışıb:

 

"Qarabağ"da qalmaq istəyirdim. Mövsüm başa çatdıqdan sonra kimə yeni müqavilə təklif ediləcəyi məlum olurdu. Buna görə də təklif gözləmirdim. Mövsümün əvvəlində çox oynayırdım, ancaq qışdan sonra fərqli oldu. Bunun da səbəbi limitdir. Meydana çıxan futbolçulardan biri mütləq 21 yaşadək yerli futbolçu olmalıdır. Mövsümün ikinci yarısında hücum xəttində əcnəbilər, müdafiədə də daha çox yerli futbolçulara şans verilirdi. Baş məşqçi hücumda legionerlərdən yararlanmaq istəyirdi. "Qarabağ"ın hücum xətti güclüdür. Mənim əvəzimə əcnəbi müdafiəçi alınmayacaq. Çünki komandada üç yerli müdafiəçi var. Orada özüm barədə yaxşı təəssürat oyada bilmişdim. "Neftçi"nin baş məşqçisi Roberto Bordin mənimlə maraqlansa da, klubun sahibi etiraz edib və ikinci yeri tutduqları üçün "Qarabağ"dan heç kimi almayacaqlarını deyib. Azərbaycandakı iki il məni xeyli sakitləşdirib".

 

Jezniçak "Qarabağ"dan ayrılandan sonra karyerasını başa vurmaq istədiyini də deyib:

 

"Qarabağ"dan ayrılan kimi Polşadan təkliflər gəldi. "Visla"dan isə mayın sonunda təklif aldım. Tərəddüd də edirdim. Avstraliyadan belə təklif almışdım. Karyeramı da bitirməyi düşünürdüm".

Tarix: 13 İyun [12:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio