"Ultrabənövşəyi futbolçular" - YAZI

İyulun əvvəlindən etibarən bütün futbol məktəblərində və akademiyalarda məşqlərə start verildi. Hərə fərqli hazırlıq proqramı ilə sentyabrda start götürəcək liqalara hazırlıqları başladı. Gündəlik məşqlər, seleksiya, taktiki və fiziki hazırlıqlar (təəssüf ki, aşağı yaş qruplarında çalışan bəzi məşqçilər hələ də dözümlülüklə fiziki yükləmənin fərqli anlayış olduğunu, yaşca balaca uşaqlara fiziki məşq keçməklə onların inkişafda olan orqanizminə ziyan vurduqlarını bilmirlər), yoxlama oyunları... Komandaların hansı proqramla, necə məşq keçməsi ilə işimiz yoxdur. Hər bir məşqçi savadına uyğun olaraq komandasına məşq keçir. Məşqlərin və yoxlama oyunlarının günün hansı hissəsində keçirilməsinə və ya keçirilməli olduğuna toxunacağıq.

 

İyul bir qədər sərin keçsə də, avqustdakı istilərdən hamının xəbəri oldu. Əsas da son bir neçə gündə havanın "qaynaması" meteohəssas insanlar üçün əlverişsiz idi. Təəssüf ki, bəzi komandalar günorta saatlarında, 30-35 dərəcə istidə, süni meydanda uşaqlara məşq keçmək adı ilə onlara əsl işgəncə verdilər. Məşq bir yana bəzi komandalar bu vaxt yoxlama oyunu keçirməklə işgəncənin "doza"sını artırdılar.


Ötən həftəsonu da istisna deyildi. Çempionata hazırlaşan bir neçə komandanın isti havada, günorta saatlarında yoxlama oyunu keçirdiyini eşitdim və gördüm. Sadəcə, uşaqlara yazığım gəldi, qazanmaqdan çox itirdilər. Görəsən, məşqçilər, akademiya rəhbərləri, koordinatorlar, həkimlər isti havada, günəş şüaları altında, özü də süni meydanda futbol oynamağın uşaqların orqanizminə mənfi təsirlərindən xəbəri var? Və ya fərqindədilər? Əminəm ki, hamısı bilir. Amma fərqinə varmırlar. Bunun da səbəbləri var.


Məsələ burasındadır ki, hər klubun akademiyasında 10-a yaxın komanda var və məşq üçün balanslarında olan 1-2 meydanın ümidinə qalıblar. Belədə komandaların hamısına səhər və axşam saatlarında məşq keçmək üçün vaxt çatmır. Meydanın olmaması üzündən əksər komandalar meydanın yarısında, hətta bəzi hallarda 1/4-də hazırlıq keçməyə məcburdular. Oyunları isə məcburiyyətdən günorta saatlarına təyin edirlər. Bundan başqa, bəzi klubların meydanlarında projektor ola-ola  hava qaralandan sonra məşq və ya oyun təyin olunmur. Səbəb isə əlavə xərcin qarşısını almaqdır. 

 

Məsələn, bazar günü "X" meydanında baş tutan "A" və "B" komandalarının oyunu. Oyunun keçirildiyi meydan və komandaların adlarını bilərəkdən çəkmirik. Səbəbini bir qədər sonra açıqlayacağıq. Saat 11-də başlayan qarşılaşma 35-40 dərəcə istidə keçirildi. Üstəlik, süni meydanın istisi bir saatdan artıq vaxt ərzində uşaqlara əməlli-başlı əziyyət verdi. Oyunu bir qədər əvvələ və ya axşam saatlarına təyin etmək mümkün deyildi. Çünki meydan sahiblərinin digər yaş qrupunun səhər saatlarında burada məşqi var idi. Axşam isə əsas komanda çempionat oyununa hazırlaşacaqdı. Matç məhz qrafikin sıxlığı üzündən 11-də salınmışdı. Uşaqlar futbol baxımından nəsə qazandılar, ya yox? Bunu deyə bilmərik, amma işgəncəyə məruz qalan orqanizmləri çox şey itirdi. Oyunu fərqli məkana, fərqli vaxta təyin etmək olardımı? Əlbəttə, mümkün idi. Təəssüf ki, "A" komandasının məşqçiləri isti havada, süni meydanda, günəş şüalarının birbaşa təsiri altında uşaqları meydana çıxarmağı üstün tutdular. Oyun təxirə salına, ləğv edilə bilərdi. Bir həftə oyunsuz qalmaqla dünya dağılmayacaqdı. Məşqçi, həkim, koordinator bir yana, "A" klubunun Futbol Akademiyasının direktoru olan mister buna imkan verməməliydi. Görünür, vecinə deyil.

 

Bu gün futbol akademiyalarında bacarıqlı məşqçilər az deyil. Sadəcə, onların normal işləməsinə, futbolçu yetişdirməsi üçün münbit şərait yoxdur. Və ya imkan ola-ola şərait yaradılmır. Məşqçilər isə səslərini çıxara bilmirlər. Çünki nəyəsə etiraz etsələr, ən yaxşı halda danlanacaqlar və gec-tez qapını çöldən bağlamalı olacaqlar. İşsiz qalmağı isə həmin məşqçilər özləri üçün faciə hesab edirlər.

 

Təsəvvür edək ki, "A" komandasının məşqçilərindən hansısa mister direktora nəyinsə doğru olduğunu sübut etməyə çalışır. Nəsə ağılabatan deyil. Kiminsə mediada çıxan yazıya görə danlanmaması, pis vəziyyətə düşməməsi üçün komanda(lar)nın və məkanın adını yazmadıq. Təəssüf ki, bu cür yanaşma təkcə "A" komandasında deyil, əksər klubların akademiyasında eynidi.

 

Gələk yazının məğzinə. Nəyə görə isti havada, günorta saatlarında, günəş şüalarının birbaşa təsiri altında futbol oynamaq olmaz? Səbəbləri çoxdur. Birincisi, uşaqlar günvurmaya məruz qala bilərlər. İkincisi, isti havada orqanizm tərləmə yolu ilə çoxlu su itkisinə məruz qalır. Üçüncüsü... insanın normal bədən temeraturu 36.6 dərəcədi. Məşq etdikdə, oynadıqda bədənin temperaturu artır. Bura havanın və süni meydandan qalxan istinin də təsirini əlavə etsək, uşağın tədricən hansı vəziyyətə düşdüklərini təsəvvür eləmək çətin deyil. Ən əsas problem utrabənövşəyi şüaların insan orqanizminə göstərdiyi neqativ təsirlərdi.

 

Ümumdünya Səhiyyə Təşkilatı günəşin yaydığı ultrabənövşəyi şüaların dərəcəsi ilə bağlı indeks (UB-indeks) tərtib  edib. Ən əlverişli şərait UB-indeks 1-2 olduqdadı. İndeks 3-7 olduqda ultrabənövşəyi şüaların təsirindən qorunmaq üçün müəyyən müdafiələrdən istifadə olunmalıdı - qolu uzun geyim, papaq, gün eynəyi və s. İndeks 8-10 olduqda vəziyyət xeyli ciddiləşir. Bu halda açıq havada nəinki futbol oynamaq, gəzmək belə məsləhət deyil. "A" və "B" komandalarının oyunu zamanı UB-indeks 8 idi. 

 

Bəs, ultrabənövşəyi şüalar futbolçunun orqanizminə hansı neqativ təsirlər göstərə bilər? Günəş şüaları altında futbol oynamağın, məşq etməyin yarada biləcək bəzi fəsadları yuxarıda sadaladıq. Daha bir qorxulu fakt. Məlumdur ki, hər bir sağlam insanın orqanizmində cüzi də olsa konserogen hüceyrələr var. Loru dildə desək, xərçəng hüceyrələri. Ultrabənövşəyi şüaların təsiri altında - insanın immun sisteminin zəiflədiyi bir vaxtda həmin hüceyrələrin artması üçün münbit şərait yaranır, şüalar hüceyrələrin müxtəlif orqanlarda aktivləşməsinə səbəb olur. Əsas da dəridə. Bundan bir çox məşqçilərin xəbərsiz olduğuna əminəm. Elə isə...
Yay hələ bitməyib. Qarşıda isti günlər yenə də olacaq. Hörmətli məşqçilər, heç olmasa, bundan sonra uşaqlara gün altında məşq keçməyin, futbol oynatmayın və sağlamlıqları ilə oynamayın. Məsləhətdir ki, isti, günəşli havada məşqlər və oyunlar səhər 11-ə kimi, axşam isə 4-5-dən sonra keçirilsin. Bunu özümüzdən yazmırıq, həkimlər deyir. Bizə sağlam futbolçu yetişdirmək lazımdır, "ultrabənövşəyi futbolçu" yox.

 

İlqar TAĞIYEV

 

Tarix: 30 Avqust [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2019
20  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio