Bədəninə Azərbaycan bayrağını həkk etdirən braziliyalı: “Ürəyim “Qarabağ”la döyünür”

13:28 - 10 Sentyabr 2019

2013–2017-ci illər və cari ilin əvvəllərində “Qarabağ”da çıxış etmiş və Ağdam klubunun unudulmaz futbolçuları sırasında yer alan braziliyalı hücumçu Reynaldo Silva “Yeni Sabah”a müsahibə verib.

 

Sportal.az 30 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

 
- Əvvəla öz karyeranız barədə danışardınız? Ötən mövsümün sonu “Qarabağ”dan ayrıldıqdan sonra Qazaxıstanın “İrtış” klubu ilə anlaşmışdınız, amma oradan da ayrıldınız. İndi nə edirsiniz? Karyeranızı bitirmək istəyirsiniz, ya necə?  

- Hələlik karyeramla, hansı kluba keçib-keçməyəcəyimlə bağlı dəqiq nəsə deyə bilirəm. Yeni nəsə yoxdur. Karyeramı bitirib-bitirməyəcəyimlə bağlı da nəsə deyə bilmərəm. Hələlik bir az vaxta ehtiyacım var.

 

- Karyeranızı hansı ölkədə davam etdirmək istəyirsiniz?

- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Ümid edirəm ki, karyeramı yenidən Azərbaycanda davam etdirərəm. 

 

- Bəs “Qarabağ”dakı karyeranızla bağlı nə deyə bilərsiniz? “Qarabağ” sizin üçün hansı anlam ifadə edir. Klub üçün, buradakı dostlarınız üçün çox darıxırsınız?

- Əlbəttə, darıxıram. Ürəyim bu komanda və onun azarkeşləri ilə döyünür, onların sevgisi ilə doludur. Azərbaycanda da özümü yaxşı hiss edirdim, bu ölkəni sevirəm.

 

- “Qarabağ” deyəndə, ilk olaraq ağlınıza nə gəlir?

- Böyük kütlələrin “Reynaldo” deyə qışqırması gözümdə canlanır.

 

- “Qarabağ”dakı hansı oyununuz və hansı qolunuz sizin üçün unudulmaz oldu? 

- Bakı “İnter”inə qarşı kəçirdiyimiz oyun... Həmin matçda ilk dəfə “Qarabağ”la çempionluq hissini yaşadım. Oyunda da 3 qol vurmuşdum. 

 

- Nə vaxtsa “Qarabağ”a baş məşqçi, yaxud köməkçi məşqçi kimi qayıdacağınızı düşünürsünüz?

- Mən həqiqətən də bunu çox istəyirəm. Amma bilmirəm, klub bunun üçün mənə dəvət göndərər, ya yox.

 

- “Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Sevilya”, APOEL və “Düdelanj”a qarşı oynayacaq. Sizcə, Ağdam təmsilçisinin bu qrupdan çıxmaq şansı daha çoxdur, ya necə?

- İndidən nəsə söyləməyək, amma “Qarabağ”a bol-bol uğurlar arzulayıram. Mən burada, Braziliyada “Qarabağ”ın bütün oyunlarını izləyəcəyəm və ona dəstək verəcəyəm.

 

- Azərbaycanda yaşayarkən burada sizi təəcübləndirən nəsə oldu? Azərbaycanla bağlı hansı unudulmaz xatirələriniz var?

- Düzünü desəm, Azərbaycanda yaşadığım hər şey mənim üçün unudulmaz xatirələr oldu. Heç vaxt özümü Azərbaycandakı qədər xoşbəxt hiss etməmişəm. 

 

- Azərbaycan mətbəxini xoşlayırdınız? Ən çox hansı yeməklərimizi bəyəndiniz?

- Açığı, yeməkləri elə də çox xoşladım deyə bilmərəm (gülür), amma klubda yaşadığım hər şey mənim üçün çox xoş oldu. 

 

- Siz Bakıda yaşayırdınız və əlbəttə ki, bura sizin üçün çox əziz olar. Bəs Bakıdan başqa hansı şəhərimizi xoşladınız?

- Əlbəttə ki, Bakının yeri mənim üçün tam ayrıdır. Bakıdan başqa da Sumqayıt şəhərindən çox xoşum gəldi. 

 

- Bildiyiniz kimi, “Qarabağ” məcburən Bakıda məskunlaşıb. Bəs “Qarabağ”la yanaşı ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Dağlıq Qarabağ haqqında nələr bilirsiniz?

- Əlbəttə ki, bu ölkə üçün çox ağrılıdır. Mən işğal olunmuş həmin əraziləri görə bilmədiyim və daha yaxından tanış olmadığım üçün çox məyusam.

 
- Bəs Azərbaycan Premyer Liqası barədə nə deyə bilərsiniz? Elitamızda sadəcə 8 komanda mübarizə aparır. Sizcə, çempionatımızda komandaların az olması, Azərbaycan futbolu üçün nə dərəcədə mənfi haldır?

- Mən də düşünürəm ki, çempionatda komanda sayının az olması ölkə futbolu üçün çox pis haldır. Çempionatda daha çox komanda olsa, o da güclü olar.

 

- Azərbaycan milli komandası ilə bağlı nə fikirləşirsiniz? Sizcə, uğursuz nəticələrin səbəbi nədədir?

- Açığı, Azərbaycan millisinin oyunlarını izləmirəm. Bu səbəbdən də komanda barədə nəsə deməyim doğru olmaz.

 

- Sizcə, Azərbaycanla Braziliya arasında çox fərq var?

- Əlbəttə ki, fərqələr var. Amma onu deyə bilərəm ki, hər iki ölkənin xalqı da çox qonaqpərvərdir.

 

- Sonda “Qarabağ” azarkeşləri üçün nə deyə bilərsiniz? Onlara hansısa ismarıcınız var?

- Deyə bilərəm ki, “Qarabağ” azarkeşləri üçün çox darıxmışam. Əlimdən gəlsə, orada olub, qollarımla onları çoşdurmaq, sevindirmək istəyərdim. Hamınızı çox sevirəm, “Qarabağ” azarkeşləri. Mənə yaşatdığınız o möhtəşəm illər üçün hər birinizə təşəkkür edirəm. Sizləri çox sevirəm. Mənim qəlbimdə sonsuzadək yer alacaq bu kluba çox-çox uğurlar arzulayıram.

 

Qeyd: müsahibədən sonra Reynaldo şəklini göndərərək boynuna həkk elətdirdiyi Azərbaycan bayrağını göstərib. Sizə həmin fotonu təqdim edirik.

 

Xəbər xətti