Nikola Yurçeviç: "İlk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlər var"

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç oktyabrın 9-u “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncəki brifinqdə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis heyətdə ciddi itkilərin olduğunu bildirib:

 

"Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. Üç futbolçumuz cəzalı durumdadır, 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdir. Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm".

 

52 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsində Macarıstana qarşı keçirəcəkləri oyunu düşündüklərini deyib:

 

"Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini düşünmürəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.

Tarix: 8 Oktyabr [23:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio