Nikola Yurçeviçdən Samir Abasova qədər QEYD

Ölkənin utanc yerinə çevrilən milli komanda ətrafında müzakirələr davam edir. Əslində, dərin təhlilə varmadan da, baş verənləri dərk eləmək çətin deyil. Ölkə futbolu nə gündədirsə, milli də ona uyğun nəticələr göstərir. Çempionatı məhəllə futbolu səviyyəsinə enən, aşağı yaş qrupları üzrə milliləri “qapazaltı” olan ölkənin əsas yığmasından qeyri-adi nəsə gözləmək sadəlövhlük olardı.

 

Belə baxanda millidən nə gözləyirdiksə, elə o da oldu. Az qala hamı deyirdi ki, bu qrupda uzağı 2 xal toplaya bilərik, sonda 1 xal topladıq. O başqa məsələdir ki, AFFA-nın baş katibi Elxan Məmmədov inamla Avropa çempionatının finalına vəsiqədən danışırdı. Qurban Qurbanovu millidən çıxarmaq üçün hər cür avantüraya getməyə hazır olan baş katib utanmadan belə bir absurd hədəfi dilə gətirirdi. Hərçənd həm özü, həm də 5-3 manat dalınca gələn Yurçeviç də başa düşürdü ki, möcüzə olası deyil.

 

Gözlənildiyi kimi, indi Elxan Məmmədov yaxasını kənara çəkməyə çalışır. Sanki onluq heç nə yoxdur, sanki əvvəldən bu qrupda belə bir nəticəni gözləyirmiş və s. Əgər beləydisə, tələm-tələsik Qurbanovu çıxarıb əcnəbi gətirmək nəyə lazım idi? Deyək ki, Qurban müəllimi istəmirdiz, niyə misal üçün, Tərlan Əhmədova yox, Yunis Hüseynova və ya bir başqa yerli məşqçiyə yox, heç nəyi dəyişə bilməyəcək əcnəbiyə 1 milyon avro maaş verib gətirirdiz? Real hədəf 1-2 xal toplamaq idisə, onu elə bizimkilər də bacarardı...

 

Mətbuatda yayılan xəbərlərə görə, AFFA yeni əcnəbi axtarışına çıxıb. İndiki halda baş məşqçidən əvvəl yeni baş katib axtarışına çıxmaq daha məntiqli olardı. Amma bu, bir az qəliz məsələdi. Çünki belə qərarlar yuxarıdan verilir, yuxarılar isə futbolu o qədər unudub ki, bu sahəni ölkəni bürümüş islahat dalğasına aid etmək fikrində deyillər.

 

Adam inanmaq istəyir ki, AFFA rəhbərliyi heç olmasa bu dəfə baş məşqçi məsələsində məntiqli qərar verər. Bu gün Azərbaycan millisinə istəyirsən 1 milyona məşqçi gətir, istəyirsən 10 minə, ciddi şəkildə dəyişəcək heç nə yoxdur. Bunu sıravi azarkeşdən tutmuş AFFA-nın baş katibi Elxan Məmmədova qədər hamı anlayır. Ona görə də, təklif edirik ki, milli Samir Abasov kimi gənc yerli mütəxəssisə tapşırılsın. Savadlı, millinin futbolçularını motivasiya edib meydana çıxara biləcək birisini axtarırıqsa, Samir Abasovda bu keyfiyyətlər var. Millidə çalışa-çalışa ilboyu Avropanın aparıcı klublarında təcrübə keçmək imkanı və marağı olan Samir Abasovla da 1 xal, bəlkə də daha çox yığa bilərik. Yeganə problem ondadır ki, Elxan Məmmədov kimilərinin gözündə yerlilərin çəkisi çox aşağıdı. Araşdırsan, Samir Abasov Nikola Yurçeviçdən daha bilikli, daha həvəsli, Azərbaycan futboluna daha xeyir verəcək adamdı. Ancaq təəssüf ki, Samir bəy əcnəbi deyil...

 

Həmid  

 

 

Tarix: 21 Noyabr [16:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio