"Barselona" komandanın fəal azarkeşlərinin yerləşdiyi "Gol 1957" sektorunun müvəqqəti bağlanacağını elan edib.
Sportal.az xəbər verir ki, buna görə də fanklub birliyinin nümayəndələri La Liqanın 11-ci turu çərçivəsində oktyabrın 31-də "Kamp Nou"da "Alaves"ə qarşı keçiriləcək ev oyununu izləyə bilməyəcəklər.
Klubdan bildirilib ki, bu qərar "Barselona"ya və fəal azarkeş icmasının bəzi üzvlərinə qarşı idman dəyərlərinə zidd davranışlara görə açılmış bir neçə intizam icraatı ilə bağlıdır. Kataloniya təmsilçisinin bəyanatında deyilir:
"Bu cür davranışlar maliyyə sanksiyalarına, stadiona girişin bağlanması riskinə və klubun nüfuzuna xələl gəlməsinə səbəb ola bilər".
"Barselona" "Gol 1957" sektoruna daxil olan azarkeş qruplarının nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. Tərəflər mövcud vəziyyəti müzakirə etməyi və komandaya göstərilən dəstəyin eyni coşğu ilə davam etməsi, lakin eyni zamanda hörmət prinsiplərinə riayət olunması və klubun nüfuzuna zərər vurulmaması üçün zəruri öhdəliklər müəyyənləşdirməyi hədəfləyirlər.
"Barselona" ümid edir ki, sektor Çempionlar Liqasının "Aston Villa" ilə oyununda tam tərkibdə fəaliyyətini bərpa edə biləcək. Bu, dialoqun nəticələrindən və azarkeşlərin lazımi davranışı ilə bağlı razılığın əldə olunmasından asılı olacaq.
Klub vurğulayıb ki, tribunadan gələn fəal dəstək onun kimliyinin ayrılmaz hissəsidir və bu dəyər futbol ictimaiyyətindəki hər kəsin ortaq məsuliyyəti sayəsində qorunub saxlanılmalıdır.
saytlarin hazirlanmasi
