Futbol adamının yaşı olmur

Onu Azərbaycan futboluyla az-çox maraqlananların hamısı tanıyır. Bu idman növünə könül verənlər bilir ki, qazon qoxusuyla yoğrulanlardan, sınaqlarda doğrulanlardandır.

 

Hələ futbolmuzun "pirojki” vaxtlarında beynəlxalq arenalarda referi formasıyla ölkəsini uğurla təmsil edib. Haqqında danışdığımız beynəlxalq dərəcəli hakimin hansı matçlara dəvət aldığını, hansı şərtlər altında tər tökdüyünü incələmək ayrıca yazı mövzusudur.

 

Yerli birinciliyin ab-havasına ilk illərdən bələd olan adam fit sahiblərinin bölgələrdə döyüldüyü dönəmləri meydanda görüb. Elə klub idarəçisi qismində çalışanda da daima meydana, azarkeşlərə, futbolun sabahına can yandıranlara yaxın olub. Uğurlu idarəçiyə xas təmkinə, siyasətə, etikaya malik adamın qısa müddətdə böyük fiqura çevrilməsini şərtləndirən başqa səbəbləri sadalasaq, Azərbaycan reallığı fonunda yetərincə ekzotik görünər. Məsələn, tənqidə dözümlülük, inadkarlıq və futbol ictimaiyyətinin müxtəlif nümayəndələri ilə uğurlu münasibət qurmaq bacarığı...

 

Onu menecerlər "çətin, hər oyunçunu bəyənməyən adam”, jurnalistlər "sözü kəlbətinlə verməyən”, AFFA-dakılar "narazı, üsyankar, hər anlaşılmazlığın dərinliyinə gedən” adlandırır.

 

Futbolda mental dəyərləri öndə tutur, fikrini bir yazar qədər aydın ifadə etməyi bacarır. Ciddi məqsədlər olmayan yerdə vaxt öldürmür. Özünü sübut anında potensialının müəyyən bölümünü ortaya qoymaqla zəlzələ yarada bilib.

 

Onun vitse-prezident postunda əyləşməsi "Neftçi”ni rəqabətli Premyer Liqanın hegemonuna çevirib. Ölkədə "qızıllar”ı sıralayan "ağ-qaralar”ın 2012-ci ilin yayında bəlli tarixi ilkə imza atmasında müstəsna rolu var. Əsl "Neftçi” tərəfdarlarının qəlbinin ilıq guşəsində klubun loqosuyla yanaşı bu kişinin də şəkli asılıb. Həm qürurlanmağı haqq etdikləri yaxın keçmişin şirin xatirəsi, həm də sabahın ümidləri kimi...

 

Bakı klubundan ayrılandan sonra "yuxarılar”a yarınmadığı üçün sambalına uyğun təklif almayıb. AFFA-dakı qeyri-futbol adamlarının məqsədli sıraviləşdirmək planını isə özü bloklayıb. Başqa sözlə, "gəl, burda sus” çağırışına "yox” deyib. Mövcud rəzalətə biganə qalmır, boş vaxtlarını çoxluğundan faydalanaraq tutarlı təhlillər, haqlı tənqidlər yazır. Assosiasiyadakı naşıların səbəb olduğu fəlakətlərə üzülür, yanır və yeni özünüsübut anını gözləyir.

 

Bu gün Tahir Süleymanovun doğum günüdür. Neçənin nə fərqi var ki? Tutaq ki, əsri yeni-yeni yarılayıb. Gerçək FUTBOL ADAMININ yaşı olmur. Topun sehrində çallaşmış qıvrım saçları, bığı və çox dəyərli başı olur.

 

Fanat.az

 

Sportal.az saytı Tahir Süleymanovu 55 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayır.

Tarix: 22 Dekabr [13:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio