"Liverpul" çempionluğu nə vaxt rəsmiləşdirəcək?

17:34 - 25 Fevral 2020

Premyer Liqada məğlubiyyətsiz irəliləyən "Liverpul" çempionluğa doğru addımlayır.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" 27 turdan sonra ən yaxın izləyicisi "Mançester Siti"dən 22 xal öndədir. Yurgen Kloppun rəhbərlik etdiyi komanda növbəti 4 turda da qalib gəlsə, çempionluğu təmin edəcək. Bu da martın 21-i 31-ci tur çərçivəsində "Kristal Pelas"la keçiriləcək oyuna təsadüf edir.

 

Premyer Liqada ən tez çempionluğu 2000/01 mövsümündə "Mançester Yunayted" və 2017/18 mövsümündə "Mançester Siti" əldə edib. Mançester təmsilçiləri sona 5 tur qalmış bunu bacarmışdı.

 

"Liverpul" 31-ci həftədə bunu reallaşdırsa, sona 7 tur qalmış çempion olacaq. Əgər "Mançester Siti" növbəti turlarda xal itirsə, mersisaydlılar daha erkən çempion ola bilər.

 

18 dəfə İngiltərə çempionu olmuş "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə 1-ci olub.

Xəbər xətti