Elmar Əliyev koronavirusla bağlı "Kəpəz" azarkeşlərinə səsləndi

Bu gün I Divizionda XIX turun oyunları çərçivəsində reallaşacaq “Kəpəz” – “Sabah-2” matçı azarkeşsiz keçiriləcək.

 

Peşəkar Futbol Liqası adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riskinin yüksək olmasını və Azərbaycanda xəstəliyə qarşı aparılan mübarizəni əsas tutaraq belə bir qərar verib. Bu səbəbdən I Divizion və Premyer Liqada qarşıdakı 2 turun oyunları zamanı stadionlara azarkeşlər buraxılmayacaq.

 

Sportal.az xəbər verir ki, “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev klubun mətbuat xidmətinə açıqlama verərək futbolsevərlərin bu qərarı anlayışla qarşılamalı olduğunu bildirib:

 

“PFL-in qərarı fanatlar arasında bir mənalı qarşılanmayıb. Xüsusən də, “Kəpəz” azakeşləri arasında. Gəncə azarkeşlərinin futbolu, komandanı necə sevdiyi və oyunlara hansı sayda gəldiyi hamıya yaxşı məlumdur. Amma hazırkı məqamda koronavirusla bağlı çıxarılan qərar doğrudur. Bu, insanların xəstəliyə yoluxmaması və səhhəti üçün atılan addımdır.

 

Azarkeşlərimizə müraciət edərək bunu anlayışla qəbul etmələrini istəyirik. Bəli, “Kəpəz”in döyünən ürəyi, gücü, silahı onun fanatlarıdır. Azarkeş komandanın yanında olmalıdır. İndiki məqamda arenalara gəlməmək məsləhətdirsə, deməli, bununla razılaşmalıyıq. Çünki onların sağlamlığı düşünülərək verilən qərardır. İnşallah, iki turdan sonra stadionumuz futbolsevərlərin üzünə açılacaq”.

Tarix: 12 Mart [10:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio