"Azərbaycanda mayın sonuna qədər futbol oynamayacağıq" - MÜSAHİBƏ

10:51 - 31 Mart 2020

“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo sportklub.hr saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, xorvat məşqçi koronavirus pandemiyasına görə təxirə salınan Azərbaycan çempionatı ilə bağlı danışıb və bir sıra məqamlara toxunub.
 
- Azərbaycanda da futbol dayanıb. Orada mövcud durum necədir?
- Doğrudur, burada bir müddətdir futbol dayanıb. Növbəti qərara qədər futbol olmayacaq. Dünən mayın sonuna qədər futbol oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq. Həyata gəlincə, ötən günlərə kimi hər şey normal idi. Kafelər, restoranlar 15:00-a qədər açıq idi. Dünən isə yalnız market və apteklərin fəaliyyət göstərəcəyi, insanların evdən çölə çıxmamağına qərar verildi.
 
- Azərbaycan futbolunun səviyyəsi necədir?
- Bura gəlməmişdən öncə Azərbaycan futbolu barədə çox məlumatım yox idi. Amma bir neçə ay ərzində xoş sürprizlə qarşılaşdığımı deyə bilərəm. Səviyyəsinə görə 2 klub – “Qarabağ” və “Neftçi” daha öndədir. Digər komandalar isə eyni gücdədir. Yarışda 8 klub var. Lakin gələn mövsüm klubların sayı 10 olacaq.
 
- “Sabah” çempionatın turnir cədvəlində 6-cıdır. Bundan məmnunsuz?
- Bundan razı deyilik. Amma xal fərqləri böyük deyil. Hədəfimiz liqanı 3-cü yerdə tamamlamaqdır. Jelko Sopiçlə mənim burada nəsə etməyimiz üçün zaman lazımdır. Buna görə də səbirli olmaq lazımdır.
 
- Bir zamanlar “Hayduk”un 2-ci komandasını çalışdırmısınız, əsas heyətdə isə köməkçi məşqçi işləmisiniz. Bu komandanı bu mövsüm izləyirsiniz?
- Əlbəttə, minlərlə kilometr aralıda olsam da, Xorvatiya futbolunu izləyirəm. İqor Tüdorun rəhbərliyi ilə “Hayduk” daha sağlam görünür. 3 müdafiəçi ilə oynayır. Bu, asan sistem deyil. Çünki rəqib hücumlarını qarşılaşmaq üçün sizin 3 sürətli, cəld, güclü müdafiəçiniz olmalıdır.
 
- Pep Qvardiola ilə Dieqo Simeonenin ən sevdiyiniz məşqçilər olduğunu söyləmişdiniz. Bunun səbəbi nədir?
- Dieqo Simeonenin oyunçulara verdiyi enerjini xüsusi qeyd edərdim. Ancaq dünyanın ən yaxşı baş məşqçisini seçmək məcburiyyətində qalsam, Pep Qvardiolanı seçərəm. Futbolu anlama şəkli inqilabidir. Oyun tərzinə uyğun futbolçular axtarır. Buna görə də uğurlar qazanır.

Xəbər xətti