Azərbaycan klublarının problemi: ölkə xaricində olan futbolçular qayıda biləcək?

15:07 - 17 May 2020

Azərbaycan Premyer Liqa təmsilçiləri koronavirus testindən keçiblər. Klublar məşqləri bərpa etmək üçün cavab gözləyir.

 

Ancaq məşqlər başlasa, bütün komandalar tam tərkibdə hazırlaşa bilməyəcək. "Sumqayıt", "Qəbələ" və "Keşlə"dən ölkə xaricində futbolçular var. Karantin rejiminə görə uçuşlar olmadığı üçün onlar geri qayıda bilmir.

 

"Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov Rusiyaya yollanan Aleksey İsayevi geri qaytarmağa çalışdıqlarını deyib:

 

"Bizim komandada Aleksey İsayev ölkə xaricindədir. Onu geri qaytarmaq istəyirik, amma necə olacağını bilmirik".

 

"Keşlə"nin sözçüsü Murad Axundov komandanın qapıçısı Stanislav Namaşkonun ölkəsi Moldovada olduğunu bildirib:

 

"Namaşkaonun Azərbaycana qayıtması üçün klubumuz hüquqi addımlar atır. İstəyirik ki, yaxın zamanda Bakıda olsun. Ancaq çətin məsələdir. Azərbaycan və Moldovada xüsusi karantin rejimi davam edir. Buna görə də çətindir, amma klubumuz çalışır ki qolkiper yaxın zamanda Azərbaycana qayıtsın".

 

"Qəbələ"də isə ispan yarımmüdafiəçi Fernan Lopes ölkəsinə yollanıb. Komandanın çalışdırıcısı Elmar Baxşıyev qurumlara müraicət etdiklərini bildirib:

 

"Lopes ailəsini görmək istəyirdi və biz ona mane olmadıq. O, əsas futbolçumuzdur və yoxluğu komanda üçün ciddi itkidir. İnanıram ki, çempionat bərpa olunsa, bizə qoşula biləcək. Bununla bağlı qurumlara müraciət edilib. Əgər Fernan gəlməsə, əvəzinə başqa oyunçular meydana çıxacaq və inanıram ki, özlərini göstərəcək".

Xəbər xətti