Joze Alesio püşkü dəyərləndirdi: "Qrup və rəqiblərdən razıyam"

Bu gün final mərhələsi 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatını püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşk Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibini millimizə rəqib edib.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Joze Alesio Da Silva püşk barədə fikirlərini federasiyanın saytına açıqlayıb:

 

“Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik. Əlbəttə, heç bir rəqib zəif deyil. Türkiyə-Yunanıstan cütünün qalibi bizim rəqibimiz olacaq. Dostum 4 ildir ki, Yunanıstan milli komandasında işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub.

 

Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda qarşılaşdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, oyunun sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zaman az səhv edirlər. Həmin rəqiblə elit-raundun oyununda da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son 1 ildə iki dəfə rəqib olduğumuza görə, bir-birimizi daha yaxından tanıyırıq.

 

Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq. Qrupdan və rəqiblərdən razıyam. İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdi. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.

 

Tarix: 2 Sentyabr [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2021
26  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio