Zaur Ramazanov: "Elxan Məmmədov AFFA-dan getməlidir"

Futbol veteranı Zaur Ramazanov Sportal.az-a açıqlama verib. O, Portuqaliya, Qətər və Serbiyaya uduzan Azərbaycan millisinin oyunları barədə danışıb:

 

"Millinin oyunları məndə çox pis təəssürat yaratdı. Onsuz da yaxşı nəticələr gözləmirdim. Çünki yığmamızda qarışıqlıq var, kim nə istəyirsə, onu da edir. Seçimlərdən hər şey məlum idi. Azərbaycanlı məşqçi oyunlara 6 müdafiəçi ilə çıxsaydı, onu daşqalaq etmişdilər. Bizim məşqçilərimiz millidə daha yaxşısını bacararlar. Canni De Byazini adına görə gətirmişik? Ad bizim nəyimizə lazımdır? Bizə futbol lazımdır, uğurlu nəticələr istəyirik. Ancaq bu gedişlə mümkün deyil".

 

Ramazanov millinin Serbiya və Portuqaliya minimal hesabla uduzmasını Belarus və Moldovanın böyük hesablarla məğlub olması ilə müqayisə edib, yaxşı nəticə hesab edənlərlə razılaşmayıb:

 

"Bu nəticələrlə niyə təsəlli tapırlar? Bir qonşu ölkələrimizə də baxsınlar da. Vətən müharibəsində diz çökdürdüyümüz Ermənistan qrupda hər 3 oyunda qalib gəldi. Adam əsəbdən partlayır. Gürcüstan Yunansıtan səfərində xal qazandı, evdə isə İspaniyaya son anda uduzdu. Bu nəticələrə yaxşı-yaxşı baxsınlar. Millimiz bu oyunla sonuncu yeri tutacaq. Ola bilər ki, hansısa komandadan güclə 1 xal alaq".

 

Veteran futbolçu federasiyada dəyişikliklərin olmasının vacibliyindən söz açıb:

 

"AFFA-da ciddi dəyişikliklər olmalıdır. Vitse-prezident Elxan Məmmədov federasiyada olmamalıdır. Futbolu bu idman növünü anlayan şəxslər gəlməlidir. Zülmətdə olan futbolumuzu bu durumdan çıxarmalıyıq”.

Tarix: 1 Aprel [22:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio