Namik Ələskərovun oynamaması "Bursaspor" azarkeşlərini qəzəbləndirdi

12:24 - 14 Sentyabr 2021

Türkiyə 1 liqasının 4-cü turunda "Bursaspor" səfərdə "Altınordu"ya 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Namik Ələskərov bu qarşılaşmada meydana çıxmayıb. 26 yaşlı vinger matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Namikin ehtiyatda olması "Bursaspor" azarkeşlərinin qəzəbinə səbəb olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Bursa təmsilçisinin azarkeşləri həmyerlimizi meydana buraxmadığı üçün baş məşqçi Fatih Təkkəyə sosial şəbəkələrdə etirazlarını bildiriblər.

 

Əldə etdiyimiz məlumata görə, Namik Ələskərov milli komandanın düşərgəsindən "Bursaspor"a qayıdanda qızdırması olub. O, "Altınordu" ilə oyundan əvvəl komanda ilə cəmi bir məşqdə iştirak edə bilib. Buna görə də baş məşqçi Fatih Təkkə risk etməmək üçün Ələskərovu oyuna buraxmayıb.

 

Qeyd edək ki, 4 turdan sonra 1 xalı olan "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsindədi.

Xəbər xətti