"Bundan sonra 10 qol vursam belə, milliyə dəvət etməyəcəklər" - MÜSAHİBƏ

14:09 - 26 Oktyabr 2021

Azərbaycan milli komandasında çıxış etmiş, hazırda Belarusda "Slaviya"(Mozır) klubunda çıxış edən Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib. Son turda komandasının "Minsk"ə 6:0 qalib gəldiyi oyunda dubl edən Qurbanov bir çox məsələlərdən danışıb.

- "Minsk" üzərindəki 6:0 hesablı qələbəni necə şərh edəcəksən?
- Çox yaxşı komandaya qalib gəldik. "Slaviya" sonuncu dəfə 20 il əvvəl bu cür hesabla qalib gəlmişdi. 3 xalı qazandığımıza görə şadam. Bizim üçün vacib olan qələbəni qazana bildik.

- Necə düşünürsən, Premyer Liqada qala biləcəksiniz?
- Son 2 turda, BATE və “Minsk”ə qarşı oyunlar Premyer Liqada oynamağa layiq olduğumuzu göstərir. Asan olmasa da, qalan oyunları qalib başa vurmalıyıq. Ən yaxın izləyicimizlə xal fərqimiz cəmi 1-di. Bu mənada, eyforiyaya qapılmadan, növbəti turlarda sakit şəkildə bacardığımızı etməliyik.

- Komandanın 6 qolundan 2-ni sən vuraraq Belarusda qol hesabını açdın...
- Dubl etdiyimə və Belarusda qol hesabımı açdığıma görə şadam. Qol imkanlarımı reallaşdırdım. Sadəcə 2-ci qol kənardan daha baxımlı göründü. Çünki dabanla vurmuşdum.

- Həmin oyundan sonra feysbukda "2 qol vurduğumu qeyd etməyə bilərsiniz, sadəcə sakit şəkildə işimi görəcəm. Kimlərdənsə, inciməyərək Azərbaycanı Avropada təmsil etməyə davam edəcəm. Birbaşa üzünüzə söz deyəndə yazmağı unutmayın" status paylaşmışdın. Bunlar kimə ünvanlanmışdı, kim haqda idi?
- Bəli, feysbukda status yazmışdım. Heç kimə ünvanlamamışdım bunu. Əgər kimsə öz futbolçusuna görə sevinmirsə, nəyə görə kiməsə ünvanlayım? Bəzən Azərbaycan ölkə xaricində təmsil edin deyirlər, sonra da guya küsüblər və görmürlər adamı. Bilərəkdən etdiklərini başa düşürəm. Ki, oynamağa, qol vurmağa başladığıma diqqət olmasımn. Heç kimdən incimirəm. Amma bəzi portallar var ki, onlara baxanda görürəm ki, savadsız insanların içində jurnalist olanı da var. Həqiqəti sevmirlər axı, amma mən həmişə həqiqəti deməyi sevirəm. Görünür kimisə çox güclü incitmişəm.

- Özünü sübut etdin artıq?
- Hələ ki, 100 faiz hazır deyiləm. Hardasa 80 faiz hazıram. Baş məşqçiyə etimad göstərdiyinə görə təşəkkür edirəm. Qalan oyunlarda da oynayacağımı düşünürəm.

- Qollarına davam etsən, milliyə qayıdacaqsan, yoxsa Canni De Byazinin siyahısında olmayacağını düşünürsən?
- Qalan oyunlarda 10 qol vursam belə, məni milliyə dəvət etməyəcəklər. Bununla barışmışam. Belə, əlbəttə ki, milli formanı yenidən geyinmək istəyərdim. Ancaq yaxşı başa düşürəm ki, mənə bunu etməyə imkan verməyəcəklər.

Xəbər xətti