"Zirə"nin yeni transferi: Premyer Liqamızın 5-ci haitilisi - FOTOLAR

"Zirə"nin qış "transfer pəncərəsi" zamanı heyətinə qatdığı futbolçulardan biri Brayan Alseus oldu. Haiti millisinin üzvü olan futbolçu Azərbaycan Premyer Liqasının 5-ci haitilisi kimi tarixə keçdi. Ona qədər çempionatımızda 4 haitili futbolçu çıxış etmişdi. Azərbaycan çempionatının ilk haitililəri isə Kervens Belfort və Donald Geryedi. Birinci 2017-ci ildə İsveçin "Sirianska" klubundan "Zirə"yə keçmişdisə, Gerye həmin il "Alanyaspor"u tərk edərək “Qarabağ”a qoşulmuşdu. Maraqlı məqam burasındadır ki, Alseus da daxil olmaqla, ölkəmizdə indiyə qədər çıxış etmiş haitili futbolçuların hamısı öz ölkəsinin əsas millisində çıxış edib. Sportal.az Azərbaycan Premyer Liqasında çıxış etmiş haitililəri təqdim edir:

Kervens Belfort

2017/2018 mövsümündə "Zirə"yə avrokuboklar öncəsi cəlb edilən forvard komandada çox qalmamışdı. Haitili 1-ci mərhələdəki "Differdanj" (2:0, 2:1), 2-ci mərhələdəki "Astra"(1:3, 0:0) ilə oyunlarında meydana çıxmış və Bakıda Lüksemburq klubu ilə oyunda komandasının qollarından birini vurmuşdu. 3 aylıq "Zirə" macərasından sonra ölkəmizi tərk etmiş Kervens Hindistanın "Jamşedpur" klubu ilə anlaşmışdı. Hazırda isə 29 yaşlı forvard Malayziyanın "Kelantan" klubunun formasını geyinir.



Donald Gerye

Tez-tez intizamsızlığı ilə diqqətləri üzərinə çəkmiş futbolçu Azərbaycanın 2 fərqli klubunda oynamış yeganə haitilidi. “Qarabağ”da oynadıqdan sonra “Neftçi”yə keçmiş müdafiəçinin bu qış yenidən ölkəmizə qayıdacağı gözlənilsə də, o, hələ ki, Polşanın 4-cü liqa təmsilçisi "Veçitsa"da çıxış edir.



Soni Mustivar

Ölkəmizə gələnə qədər "Petrolul"la Rumıniya kubokunun, "Kanzas Siti" ilə ABŞ-da ölkə kubokunun sahibi olmuş Mustivar sonradan “Neftçi” ilə anlaşmışdı. “Kanzas Siti”dən ayrıldıqdan sonra klubsuz qalmış haitili 2020-ci ildə "ağ-qaralar"ın təklifini qəbul etmişdi. Bakı klubunda özünü pis tərəfdən göstərməyən Mustivar sonradan Rumıniyanın “Hermanşdat” klubuna keçmişdi. Hazırda isə 31 yaşlı yarımmüdafiəçi Fransa aşağı liqa klubu olan "Entente"də oynayır.



Soni Norde

“Boka Xuniors”un 2-ci komandasında oynayan, Azərbaycana böyük ümidlərlə gətirilən futbolçu “Zirə”nin tarixində 2-ci haitili idi. Ölkəmizə gələnə qədər Hindistanın “Mohun Baqan” klubunun formasını geyinmiş Norde “Zirə” də çox qalmamışdı. Azərbaycan Premyer Liqasında özünü göstərə bilməyən 32 yaşlı futbolçu hazırda Malayziyanın “Melaka” klubunun formasını geyinir.

Tarix: 28 Yanvar [17:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio