De Byazinin 28 yaşlı… gənc komandası

Milli komandamızın baş məşqçisi Canni de Byazi yeni siyahısını açıqladı. O, martın 25-də Maltada Malta, 29-da isə Latviya yığma komandası ilə qarşılaşmalar üçün düşərgəyə 24 futbolçu çağırdı.

 

Öncə siyahıya diqqət edək:

Mehdi Cənnətov – Zirə

Nicat Mehbalıyev – Qəbələ

Səlahət Ağayev – Sabah

Maksim Medvedev – Qarabağ

Bəhlul Mustafazadə – Qarabağ

Azər Salahlı – Neftçi

Bədavi Hüseynov – Qarabağ

Höccət Haqverdi – Sumqayıt

Təmkin Xəlilzadə – Zirə

Toral Bayramov – Qarabağ

Abbas Hüseynov – Qarabağ

Amin Seydiyev – Sabah

Riçard Almeyda – Qarabağ

Qara Qarayev – Qarabağ

Coşqun Diniyev – Zirə

Filip Ozobiç – Qarabağ

Eddi İsrafilov – Neftçi

Aleksey İsayev – Sabah

Emin Mahmudov – Neftçi

Dmitri Nazarov – Ersgebirge (Aue, Almaniya)

Namik Ələsgərov – Bursaspor (Türkiyə)

Renat Dadaşov – Tondela (Portuqaliya)

Ramil Şeydayev – Qarabağ

Ağabala Ramazanov – Zirə

 

Seçim italiyalınındı, qərarına hörmət etmək lazımdı. Zatən, bəlli sayda futbolçumuz var və kiminsə çağırılmaması, növbəti matçlarda dəvət alması başadüşüləndi. Lakin budəfəki siyahıda elə adlar var ki, məşqçinin sadəcə, say düzəltdiyini, ciddi seçim etmədiyini görmək olur.

 

Məsələn,

 

…ən yaxşı vaxtlarında milliyə dəvət edilməyən Ağabala Ramazanov indi “Zirə”də ehtiyatda oturmağa başlayıb və milliyə dəvət alıb…

 

…Bədavi Hüseynov millidə aldığı zədəni yenicə sağaldıb, “Qarabağ”da oyun praktikası qazanmadan adı siyahıya salınıb…

 

…Riçard Almeyda daha yaxşı formada olduğu dönəmdə kənarda saxlanılırdısa, ayağını sürüdüyü bu günlərdə heyətə daxil edilib…

 

…Vaxtilə Dmitri Nazarovu pul davasına görə kənarda saxlayan AFFA, indi azarkeşlərin nifrətini qazanmış futbolçunu yenə milliyə layiq bilib.

 

De Byazinin klub seçimləri də maraqlıdı. Ötən il yığmada 7-8 futbolçu ilə təmsil olunan “Sumqayıt” indi cəmi 1 nəfərə görə öyünür. Milliləşdirilməsinin faydasız olduğunu aylardı dediyimiz Əli Qurbani və digərləri layiq olduğu qiyməti alıb, “kimyaçılar”ın autsayderə çevrilməsi italiyalının dilini gödək edib.

 

Amma seçimlər heç də komandaların turnir mövqeyinə görə deyil. De Byazi məcburiyyətdən “Qarabağ”ın az qala bütün heyətini milliyə çağırıb, onlardan faydalanmağa çalışacaq. “Zirə”dən Ramazanovdansa Rahil Məmmədova, daim oynayan Qismət Alıyevə, Hacıağa Hacılıya güvənmək daha doğru olardı.

 

“Qəbələ”dən yalnız qapıçı Nicat Mehbalıyev düşərgədə olacaq. Halbuki bu il yaxşı təsir bağışlayan komandadan Murad Musayev, Ürfan Abbasov, Rövlan Muradov dəvətə layiq idi. Ürfan son yarım ildə cəmi 10 dəqiqə oynamış Bədavidən, daimi start heyəti üzvü Rövlan Ağabaladan, “Qəbələ”də karyerasının ən yaxşı mövsümünü keçirən Murad Abbasdan daha yaxşı namizəd idi. “Keşlə”dən Şəhriyar Əliyev, Rəhman Hacıyev siyahıdakıların bir çoxundan daha yaxşı durumdadı, Pərviz Azadov isə son vaxtlar debütlə sevindirilməyə layiq futbol sərgiləyir.

 

Millidə təmsilçi sayı:

Qarabağ – 9

Zirə – 4

Neftçi – 3

Sabah – 3

Qəbələ – 1

Sumqayıt – 1

Keşlə – 0

Səbail – 0

Legioner – 3

 

Qarşıdakı matçlar sınaq görüşləridi, burada futbolçular yoxlanacaq. Ona görə də U-21-ə gedən bir çox oyunçular – İsmayıl İbrahimli, Cəlal Hüseynov və başqaları da əsas komandaya cəlb olunmalıydı. Veteran yığınına nə gərək var? Onsuz da bu futbolçuların nəyə qadir olduğunu bilirik.

 

De Byazi millidə saxlanılarkən əsas səbəb kimi onun komandanı gəncləşdirməsi və gələcəyin heyətini qurması göstərilmişdi. Zaman göstərir ki, bu, bəhanə imiş. Dünən açıqlanan siyahıdakı 24 futbolçunun tən yarısı 29+ yaşdadı, 7 nəfər 30-u çoxdan haqlayıb. Orta yaş həddi 28 olan milli necə sabahın komandası sayıla bilər?

 

Müəyyən istisnalarla olanımızın bu futbolçular olması fikriylə razıyıq. Bəli, gənc nəsil yoxdu, ya da ustalıq səviyyələri yığmada oynamaq üçün yetərli deyil. De Byazi də siyahısıyla sübut edir ki, ötən 14-15 ildə AFFA rəhbərliyi papağını günə verib, yeni nəsil yetişdirilməyib, futbol təsərrüfatı düzgün idarə olunmayıb. Tsiklin sonunda 1-2 oyunda gəncləri meydana buraxıb yaş həddini azaltmağa çalışmaqla görüntü yaratmaq lazım deyil, bununla yalnız özümüzü aldadırıq. Fakt budur ki, yeni seçmə mərhələ üçün hazırlanan komandanın orta yaş həddi 28-di. Deməli, sabaha da ümid yoxdur.

 

Futbolinfo.az

 

P.S.: Heyətdəki 24 oyunçunun 11-i Azərbaycan futbolunun yetirməsi deyil, 9-u isə milliləşəndi.

Tarix: 21 Mart [17:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio