"Patrik Andradenin gedişini "Qarabağ" üçün böyük itki saymaq olar" - MÜSAHİBƏ

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. O, klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib.

- Azərbaycan klublarının avrokuboklar mübarizəsinə bir aydan az vaxt qalıb. Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" "Lex"lə üz-üzə gələcək. Sizcə, "Qarabağ"ın püşkatmada bəxti gətirdi? 
- Öncə bütün klublarımıza uğurlar arzulayıram. Allah qoysa, öz uğurlu nəticələrilə bizi sevindirərlər. “Qarabağ”a püşkatmada daha güclü rəqib düşdü. Çünki səbətdə “Lex”dən zəif koamndalar var idi. Bu mənada, “Lex” “Qarabağ” üçün çətin rəqi oldu. Amma “Qarabağ” belə oyunları çox oynayıb, avrokuboklar təcrübəsi yetərincədir deyə, bəzən çox da narahat olmuruq. Hamımızın istəyi odur ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazansın. "Qarabağ"ın “Lex”i keçməsi mümkündü, amma həm də çətindi. Ciddi rəqib olduğundan, təmsilçimiz üçün həm səfər, həm də ev oyunu asan olmayacaq.

- "Qarabağ"ın "Lex"i keçmək ehtimalını necə dəyərləndirirsiniz? İlk oyun Poznandadı. Bunun hər hansı üstünlüyü var? 
- İlk oyunun Poznanda olması, bəlkə də “Qarabağ” üçün bir az üstünlük ola bilər. Bakıda “Lex” səddini keçmək üçün, Poznanda sərfəli nəticə qazanmaq çox önəmlidi. Hər iki matç “Qarabağ” üçün çətin olacaq. Səbətdən ən çətin komanda düşdü.

- Patrik Andradenin gedişi "Qarabağ"a necə təsir edəcək? Onun yerini doldurmaq mümkün olacaq? 
Patrikin gedişi "Qarabağ" üçün böyük itkidi. Bolqarıstandan gəldi və "Qarabağ"da daha yaxşı forma yığdı, diqqət çəkdi. Andradenin yerini doldurmaq bir balaca çətin olacaq. Çünki Patrikli və Patriksiz "Qarabağ" fərqli idi. O, ortada çox böyük işlər görürdü, qollar vururdu. Onun gedişini böyük itki saymaq olar. Yerini dolduracaqlar ya, yox bunu zaman göstərəcək.  

- "Neftçi"də isə yeni baş məşqçi dəvət edildi, transferlər də reallaşmaqdadı. "Neftçi"də baş verən yeniliklər haqda fikriniz necədi? Sizcə, onlar "Aris"i keçə biləcək?
“Neftçi” yeni transferlər etməkdədi, baş məşqçisi də gəlib. Mənə elə gəlir ki, rəhbərlik onu tanıyırdı. Bir neçə iddialı komandalarda çalışıb. Təcrübəsi var. “Neftçi” camiəsi, azarkeşləri və biz də komandadan uğurlu nəticələr gözləyirik. Mənə elə gəlir ki, "Neftçi"yə uyğun rəqib düşüb və "Aris" səddini keçməlidi. Baş məşqçinin də zamanı var. Rəqibi analiz edə bilər, öz futbolçularını da tanıması önəmlidi. Bunun üçün toplanışda vaxtı olacaq. Az da olsa tanıyacaq. İstənilən halda “Neftçi” “Aris”i keçə bilər.

- Sizə də doğma olan "Qəbələ" "Fehervar" önünə çıxacaq. Felipe Santos, İlkin Qırtımov və Səlahət Ağayev heyətə cəlb edilib. "Qəbələ" Macarıstan klubunu turnirdən kənarlaşdıra biləcək? 
- “Qəbələ” də transfer bazarında aktivdi. Transferlər edirlər, axtarışları da davam edir. Mətbuatdan oxuyuruq hamısını. “Zirə” ilə müqayisə edəsi olsaq, “Qəbələ”yə bir az münasib rəqib düşüb. Mənə elə gəlir ki, “Qəbələ” hər iki matçda üstün tərəf ola bilər. Bu potensiala sahibdilər, “Fehervar”ı keçə bilər.

- "Zirə"nin "Makkabi"ni keçə biləcək?
“Qarabağ”a çətin rəqibin düşdüyünü dedik. Məncə, daha bir təcrübəli və güclü rəqib “Zirə”nin bəxtinə düşüb. Rəşad Sadıqov rəqibi tamamilə analiz edib, ona uyğun futbolu oynadacaq. “Makkabi” Avropada çox təcrübəlidi, oturuşmuş komandadı. Çox ağıllı futbolla “Makkabi” səddini keçmək olar. “Zirə” çox çıxış etməyib avrokuboklarda. Rəşad Sadıqov ağıllı takktika ilə oynadacaq. Biz bunu kubokun finalındada gördük. “Qarabağ”a qarşı 120 dəqiqə meydanda mübarizə apara bildilər. Bu futbolla bəlkə də “Makkabi” səddini keçmək olar. 

Tarix: 25 İyun [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio