Tahir Süleymanov: "Futbolun bərbad durumu hansı maraqların üstün gəldiyinin əyani göstəricisidi" - MÜSAHİBƏ

11:57 - 16 İyul 2022

“Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Sportal.az saytına müsahibə verib.

 

Tanınmış futbol mütəxəssisi AFFA Hakimlər Komitəsi sədrliyinə türkiyəli Barış Şimşekin təyin olunmasını dəyərləndirib, hakimlikdə olan problemlər haqda danışıb:

 

- Barış Şimşekin Hakimlər Komitəsinin sədri təyin olunmasını necə dəyərləndirirsiz?

- Hakimlər Komitəsi iki həftədir başsız qalmışdı. Gözlənilən qərar idi və baş verdi. Türkiyə qardaş ölkədir, bununla yanaşı bir əcnəbi mütəxəssis digəri ilə əvəz olundu. Məntiqsizlik var, avstriyalı Frits Stuxliklə müqavilə uzadılmadı, fəaliyyətinə görə AFFA tərəfindən təşəkkür bildirildi. Əgər yaxşı işlər görürdüsə, yaratdığı yeni sistemin təkmilləşdirilməsi, VAR-ın tətbiqinin başa çatdırılması davam etməliydi. Yenidən əcnəbi mütəxəssisə ehtiyac duyuldusa, deməli, federasiyadan deyilən fikirlər gəlişigözəl sözlərdir. Hakimlər Komitəsi üzvləri dəyişilməyib, Barış Şimşek ən azı ilk vaxtlarda onlarla birgə fəaliyyət göstərəcək. Stuxlik getməmişdən öncə yeni mövsüm üçün kateqoriyalar üzrə hakimlərin siyahısı açıqlanmışdı. Türkiyəli mütəxəssis avstriyalının imzaladığı "möhürlə" çalışacaq ya yox, zaman göstərəcək.

 

- Türkiyədə də bu təyinat geniş müzakirə olunur. Barış Şimşək orada çox da sevilən hakim deyil. Onun Azərbaycan hakimliyinə fayda verəcəyinə inanırsız?

- Türkiyənin özündə illərdi ciddi hakimlik, idarəçilik problemləri var. Barış Şimşekin də elə bir zəngin karyerası yoxdur. Sistem idarəçiliyi qabiliyyəti necə olacaq, görüləcək işlərdən, atacağı addımlardan bilinəcək. Frits Stuxlik də Avstriyada sevilmirdi, işindəki nöqsanlara görə qovulmuşdu, 4 il Azərbaycanda bəslənirdi. İnanmaq istərdik ki, bundan sonra ölkə çempionatı oyunlarında klublarla hakimlər arasında barış olacaq, şimşək az çaxacaq. 

 

 

- Ölkədə yerli mütəxəssis yoxdur ki, AFFA Hakimlər Komitəsi sədrliyini israrla əcnəbilərə həvalə edir?

- Azərbaycan hakimlik məktəbinin dünya futbol tarixində öz layiqli yeri, çəkisi var. Hakimlər Komitəsinə rəhbərlik edə biləcək mütəxəssislərimiz yox deyil. Stuxlik gələndə, yola salınanda fikirlərimi bildirmişdim, bu təyinat ölkə hakimlərinə dərs olmalıdır. Nə qədər istəməsək də, etiraf olunmalıdır, hakimlik strukturunda intriqalar aradan götürülməyib. Son vaxtlar kəskin münasibətlər səngisə də, hakimlər arasında qarşılıqlı hörmət, bir-birini qəbuletmə dərəcəsi yüksəlməlidir. Ancaq birlik yaradıldığı halda inkişaf təmin edilə bilər.
Digər tərəfdən, Hakimlər Komitəsinə iddialı olan əksər təcrübəli refetilərimiz passivlik nümayiş etdirdilər. Futbol ictimaiyyəti, jurnalistlər, azarkeşlər də böyük ölçüdə yerli kadrlara üstünlük verir, dəstəkləyirdilər. Komitə rəhbərliyinə can atanlar mətbuat vasitəsi ilə cəmiyyətə öz proqramlarını, fikirlərini çatdırmalıydılar. Bilindiyi halda ki, AFFA məmurlarının canından əcnəbi sevgisi çıxmayıb, mütləq mübarizə aparılmalıydı. Mübarizəni iddiaçılar əvəzinə media, azarkeşlər aparmamalıdır, onlar ancaq obyektiv dəstək verə bilər. Proses kabinet söhbətlərindən o tərəfə keçmədi. Bütün bunlar komitə rəhbərliyinə yenidən əcnəbinin gətirilməsini şərtləndirdi, rahatlaşdırdı. Fikirlərimin təsdiqi olaraq, İcraiyyə Komitəsi U-21 yığmasına Samir Əliyevi təyin etdi. Çünki, məşqçilərlə bağlı "yerli olmalıdır" düşüncəsi futbol ictimaiyyəti arasında formalaşıb artıq. AFFA da bunu bildiyi üçün yenidən riskə getmədi. Hakimlik məsələsində isə fikir formalaşması tam deyildi, federasiya da bundan istifadə edib təyinatlarda balansı yaratdı, bir yerli, bir əcnəbi.

 

- Futbol ictimaiyyətindən söz düşmüşkən, sosial şəbəkələrdə sizi Hakimlər Komitəsi sədri görmək istəyənlər az deyildi, hətta çoxluq təşkil edirdi. AFFA-nın baş katibi Sərxan Hacıyev də "Bol futbol" verilişində sizinlə görüşdüyünü bildirmişdi. Komitəyə rəhbərlik təklif olunmuşdumu? 

- Dəstək verən hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Heç vaxt Hakimlər Komitəsi sədrliyinə iddia etməmişəm. Federasiya rəhbəliyi, təcrübəli hakim həmkarlarım, məni tanıyanlar bununla bağlı qəti mövqeyimi bilirlər. Hakimlik sektoru spesifik sahədir, beynəlxalq dərəcəli hakim olmaqla yanaşı futbolda fəaliyyətimiz uşaq futbol layihələrindən və həyata keçirilməsindən tutmuş klub rəhbərliyi, idarəçiyinə kimi geniş sektoru əhatə edir. Bilirsiniz ki, hakim-inspektor kimi də çempionat oyunlarına getmirəm. Fəaliyyətimiz futbolda daha genişdir və tək hakimliklə məhdudlaşmır. Sərxan Hacıyevə görüşümüzdə bu sahənin problemləri ilə yanaşı kompleks futbol məsələləri müzakirə edilərək inkişafın təmin olunması yolunda konkret təkliflərim olub.

 

 

- Frits Stuxlik Azərbaycan futboluna nə qazandırdı ki, Barış Şimşekdən də nəsə gözləyək?

- Hakimlik elə bir sahədir ki, ideal idarəçiliyin təmin olunması çox çətindir. Ən önəmli məsələlərdən biri, keyfiyyəti artırmaqla birgə hakimlərə olan münasibətin dəyişməsidir. Hansısa referi səhv qərar verəndə, səhv kimi qəbul olunmalıdır. Bunun üçün klublar, məşqçi, futbolçularla hakimlər arasında qarşılıqlı inamın yaradılması mütləqdir. Stuxlik bunu bacarmadı, əksinə, hakimlər arasında intriqa, ayrıseçkilik yaratdı. Barış Şimşek ən azından yerli mentaliteti bilir, idarəçilik bacarığı, səmimiyyəti olarsa, bu, ona çox kömək etməlidir. Klublar, media, ictimaiyyətlə hakimlər arasında möhkəm körpü yarada biləcəksə, işləri uğurlu alınacaq, əks halda ciddi dəyişiklik baş verməyəcək.

 

- Türkiyə çempionatında hakimlər çox tənqid olunur. Belə bir vaxtda oradan gələn adam bizə necə kömək edə bilər?

- Türkiyə futbolunda klublara, məşqçi, futbolçulara, hakimlərə təzyiq, medianın təsiri çox böyükdür. Futbol diqqət mərkəzindədir. Qardaş ölkə futbol müzakirələrində dünya liderlərindəndir. Barış Şimşek o mühitdən çıxıb və Azərbaycan futbolu onun üçün rahat gəzinti olmalıdır, əgər bacarığı varsa...

 

- Türkiyədə VAR sistemi tətbiq olunandan sonra da hakim səhvləri, müzakirələr bitmir. Bizdə də bu mövsüm sistem tətbiq olunacaq. Sizin fikrinizcə VAR sistemi hakim səhvlərini minimuma endirə biləcək?

- VAR sistemi çox ölkələrdə birmənalı qarşılanmır. Obyektivliyin qorunmasında, bir çox epizodların dəqiqliyində kömək edirsə, son məqamda ekran qarşısında qərarı verən yenə də hakimlərdir. Kritik anlarda insan faktoru önə çıxır. Oyun qaydaları ikili standartların tətbiqinə münbit şərait yaradır. Hakimlər Komitəsi də ona görə lazımdır ki, oyunlarda, epizodlarda birmənalı yozum təmin edilsin. 

 

- Sizin fikrinizcə AFFA həqiqətən də hakimliyin inkişafında maraqlıdır?

- AFFA nəinki hakimliyin, ümumi futbolun inkişafında maraqlı olmalıdır və bu, birbaşa federasiyanın vəzifə borcudur. Futbolun bərbad durumu hansı maraqların üstün gəldiyinin əyani göstəricisidir. İnkişafın təmin olunması üçün maraqlar dəyişməli, futbola, xalqa qulluq edilməlidir.

 

Elçin Əlixan

Xəbər xətti