"Kəpəz" elə klubdur ki, yalnız liqada qalmaq azarkeşləri razı salmır" - MÜSAHİBƏ

17:13 - 12 İyun 2023

"Kəpəz"in veteran futbolçusu Mətləb Məmmədov Sportal.az saytına müsahibə verib. 

- "Kəpəz"in baş məşqçi postunda dəyişiklik oldu. Bu, sizin üçün gözlənilməz idi, yoxsa dəyişiklik ediləcəyini olacağını ehtimal edirdiz?

- Mən uşaq futbolunda işləyirəm. "Kəpəz"ə hansı məşqçi dəvət edilirsə, ona hörmətlə yanaşırıq. Tərlan Əhmədovla və Azər Məmmədovla bir yerdə futbol oynamışıq. Tərlan müəllim komandanı liqada saxlamağı bacardı. Azər Məmmədov da "Kəpəz"i yuxarı pillələrə aparmağa çalışacaq. Hər ikisinə də uğurlar arzulayıram.

- Tərlan Əhmədov ötən mövsüm komandanı yüksək liqada saxlaya bilmişdi. Qalacağı təqdirdə, yeni mövsüm daha güclü "Kəpəz" görəcəyimizi ehtimal edirdiz?

- "Kəpəz" elə klubdur ki, yalnız liqada qalmaq azarkeşləri razı salmır. Onlar daim çempionluq tələb edir. Ancaq reallıq odur ki, öncə Gəncədə uşaq futbolu ayağa qalxmalıdır. Ki, illərdən sonra nəticələrimiz gəlsin. Hər şey uşaq futbolundakı vəziyyətdən asılıdır. Çünki illər öncə "Kəpəz"i yerli futbolçular çempionluğa doğru apara bilmişdi.

- Baş məşqçi postuna Azər Məmmədov gətirildi. Vaxtı ilə komanda üçün vacib oyunçulardan olub. Səncə, "Kəpəz" onunla uğur qazana biləcək?

- Azər müəllim fərqli komandalarda məşqçi işləyib. Hər komandada işləyəndə yeni nəsə öyrənirsən. Yetəri qədər təcrübə toplayıb. Məncə, var gücünü ortaya qoyacaq ki, "Kəpəz" Premyer Liqada uğurlu çıxış etsin.  

- Tərlan Əhmədov mövsüm ərzində futbolçularla tez-tez konfliktləri ilə də gündəmə gəlirdi. Bütün bunlar onun gedişinə təsir göstərdi?

- Tərlan Əhmədov oyunçuları hansı mövqedə daha yaxşı oynadığına inandırırdı. O, həmin futbolçulardan da istədiyini ala bildi. Gediş səbəbini dəqiq bilməsəm də, "Kəpəz"in Premyer Liqada qalmağında çox əziyyət çəkdi. Komandamız mövsümü çox rahat təslim olmayan klub kimi başa vurdu. 

- Əksər klublar transferlər həyata keçirsə də, "Kəpəz"də ancaq ayrılıqlar yaşanır. 2023/2024 mövsümündə komandanı necə təsəvvür edirsiz? Hətta bir ara iddialar var idi ki, komanda yüksək liqada olmayacaq....

- "Kəpəz" futbolçularını hamı izləyirdi. Əksər klubların futbolçularımızı istəməsi normaldır. Hər kəs qiymətini artırmaq üçün hər il əziyyət çəkir. Çox istəyərdim ki, "Kəpəz" də uğurlu transferlər edib, yeni sezonda yeni məşqçi ilə uğurlara imza atsın. Tərlan Əhmədova və Azər Məmmədova uğurlar arzulayıram. "Kəpəz" azarkeşlərinin üzünü güldürmək üçün hər kəs ən yaxşısını etməldir.

Mirbağırağa

Xəbər xətti