"Karyerasını başa vurduğunu deyən oyunçuya çox nadir hallarda təklif gəlir"

19:54 - 23 İyun 2023

Bir müddət əvvəl karyerasını başa vurduğunu açıqlasa da, dörd gün öncə Vurğun Hüseynov "Kəpəz”lə müqavilə imzaladı. Uzun illərdir ki, "Sumqayıt"ın formasını geyinmiş təcrübəli oyunçu qərarını dəyişməsi və Gəncə klubuna keçidi ilə bağlı Sportal.az saytına açıqlama verib.

"Kəpəz"lə bir illik müqavilə imzaladım. Azər Məmmədov baş məşqçi təyin olunduqdan sonra məni komandasında görmək istədi. Mən də sevə-sevə razılaşdım. Təcrübəli futbolçu kimi, çalışacam ki, mənə göstərilən etimadı doğruldum. Karyeramı bitirdiyimi demişdim. Amma hansısa məşqçi məni komandasında görmək istəyərsə, oynaya biləcəyimi də, əlavə eləmişdim. Azər Məmmədova təşəkkür edirəm, mənə inanıb, komandasında görmək istədiyini bildirdi. Karyeramı başa vuracağımı deməyim məni gündəmə gətirdi kimi, fikirlərlə razı deyiləm. Karyerasını başa vurduğunu deyən oyunçuya çox nadir hallarda təklif gəlir. Amma Azər müəllimin israrla məni komandasında görmək istəməsi fikrimi dəyişməyimə gətirib çıxardı".

Hüseynov yeni mövsümlə bağlı fikirlərini də açıqlayıb: "Tək bizim üçün yox, bütün komandalara çətin olacaq. Rahat oyun yoxdur. Mübariz komanda olacağımıza əminəm".

Mirbağırağa

Xəbər xətti