"Kəpəz"in futbolçusu: "Neftçi" ilə matçda göstərdik ki, yuxarı pillələr üçün oynaya bilərik"

21:28 - 7 Avqust 2023

Premyer Liqanın ilk turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən "Kəpəz"in futbolçusu Əli Səmədov Sportal.az saytına müsahibə verib.

26 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq:

- "Neftçi"ni məğlub etdiniz. Matç haqda fikirlərin necədir?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. "Neftçi" çox yaxşı komandadır, yaxşı futbolçuları var. Matç sürətli gedirdi. Buna uyğun olaraq da baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Düşünürəm ki, əlimizdən gələni etdik. Rəqibi təhlil etmişdik. Komanda olaraq qələbəyə inanmışdıq. Hər şey yolunda getdi və qələbə qazandıq.

- Büdcə olaraq "Kəpəz" digər komandalardan geri qalır. Çempionatda iddianız nədir?

- Bəli, ən aşağı büdcə bizdədir. Amma bu, bəhanə olmamalıdır. Məşqçilər də, rəhbərlik də bunu deyib. Əlimizdən gələni edəcəyik. "Neftçi" ilə matçda da göstərdik ki, yuxarı pillələr üçün oynaya, hər rəqibə başağrısı ola bilərik. Qarşımıza hansısa hədəf qoyulmayıb. Əlimizdən gələni edib yuxarı pillələrdə olmağa çalışacağıq.

- İlk matçda "Neftçi" kimi komandanı məğlub etdiniz. Bu, növbəti oyunlarda üzərinizdə təzyiq yaratmayacaq?

- Düşünürəm ki, ola bilər. Azarkeşlər həmişə daha yaxşısını istəyir. Düzdür, hər oyunda qələbə qazanmaq olmur. Açığını deyim ki, "Neftçi" ilə matça qələbə üçün çıxmışdıq. Məşqçilər bizə əminliklə demişdilər ki, udacağıq. "Zirə" ilə oyuna hazırlaşacağıq. Zirəyə ən azı 1 xal üçün gedəcəyik. Azarkeşlərin dəstəyi ilə evdəki bütün matçlarda qələbə qazanmaq istəyirik.

Elçin Əlixan

Xəbər xətti