Şahin Diniyev: "Təsadüfi qələbə qazanmadıq"

23:20 - 3 Sentyabr 2023

"Səbail" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı 10 il dalbadal avrokubokların qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm. Doğrudan da böyük işlər görüblər. Düşünürəm ki, "Qarabağ" bu il qrupdan çıxacaq və bizi sevindirəcək. Çox yaxşı komandaya qarşı oynadıq. Komandam taktiki cəhətdən savadlı oynamağa çalışdı. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Bu, bizdə ikinci hissədə yaxşı alındı. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. "Qarabağ" kimi rəqiblə matçda qol buraxıb geridönüş etmək çox çətindir. Futbolçularıma təşəkkür edirəm ki, bunu bacardılar. Bu gün oynayıb qələbə qazandıq, təsadüfi qələbə qazanmadıq.

- Qurban Qurbanov komandanızın vaxt aparmasını bildirdi. Sizin fikriniz necədir?

- Tamamilə razıyam. Mən də olsam, elə deyərəm. Bəlkə bir az da çox deyərdim. Bu da futbolun bir hissəsidir. Heç bir komanda uduzmaq istəmir. Belə rəqibə qalib gəlmək futbolçular üçün böyük motivasiyadır. Mən də vaxt uzatmağın tərəfdarı deyiləm. Amma neynəyək ki, futbol belə yazılıb. Bütün dünyada belədir. Qurban müəllimin dedikləri ilə tam razıyam. Təzyiq altında qalmışdıq, pauza götürmək lazım idi. Bu, mənim dediklərim deyil, futbolçuların etdikləri idi.

- Ardıcıl iki qələbədən sonra fasilə yaranır. Bu, "Səbail" necə təsir edəcək?

- Bəli, oyun ritminə oturanda asan olur. İndi ritmdən çıxırıq. Əlbəttə yenidən dönmək çətin olacaq. Əsas da çox futbolçuları millidə olan komandalar çətinlik yaşayacaq. Bizə də təsir edəcək. 

- Ötən mövsümün son oyununda demişdiz ki, gələn il tam fərqli "Səbail" görəcəksiniz. Həmin "Səbail"i görürük?

- Baxın komandada 11 nəfərdən 9-u yenidir. 3-4 oyun yetərli deyil komanda bir-birini anlasın. Addım-addım biz ona gedirik. Hər matçda daha yaxşı oynamağa çalışırıq. Düşünürəm ki, beş görüşün heç birində rəqibə oyun baxımından uduzmadıq. Daha çox bir yerdə oynadıqca daha yaxşı "Səbail" olacaq.

- Cabirlə Bahadur start heyətində yox idi. Bu, nədən irəli gəlirdi?

- "Qarabağ"ın orta sahəsi çox güclüdür. Bahadur daha çox topla oynayır. Bizə daha çox aqressiv oyunçu lazım idi. Məşqdə kim daha hazırdırsa, onu meydana buraxırıq. Rəqib "Qarabağ" olmasaydı, Tovuzdakı heyəti dəyişməyəcəkdik.

- "Neftçi" ilə matçdan sonra hakimləri tənqid etmişdiniz. İki qələbədən sonra münasibətiniz necədir?

- Tənqid deməzdim, narazı qalmışdım. Hakimlər Komitəsinin sədri də birinci oyunumuzdan sonra penaltinix olmasını dedi. Mən də onu deyirdim. Emosiya da futbolun bir hissəsidir. Mən də emosiyalara qapıldım. Amma düzünü dedim. Mən böyük səhvlərə danışıram.

- Ramalinqo iki qol vurdu. O, hazırda pik həddindədir?

- 25 futbolçunun hər biri mənim üçün əzizdir. Ramalinqo çox ağıllı uşaqdır. Görürdüm ki, qol vuran bilmir deyə çox gərgindir. Ancaq mən ona inanırdım. Deyirdim ki, sən qol vuracaqsan, zaman lazımdır. Ramalinqo yüksək səviyyəli hücumçudur. Hələ öz sözünü bundan sonra deyəcək.

- Bu qələbəyə görə pul mükafatı nəzərdə tutulub?

- Rəhbərlik paltardəyişmə otağında "çox sağ ol" dedi. Bu komandanın rəhbərliyi mükafat məsələsindən her vaxt kollektivi incitməyib. Bizim üçün adi bir oyundur. "Qarabağ"ı da udsaq, 3 xal verirlər, "Kəpəz"i də udsaq. Əlbəttə ki, futbolçular hər oyuna görə bonus alırlar. Bu da sıradan bir bonus olacaq.

- Millidən nə gözləyirsiniz?

- Çətin sualdır. Bu gun yaxşı futbolçularımız var. Ancaq Belçika kimi komandaya qarşı oynamaq çətindir. Futbolda hər şey olur. Bu gün bizim çempionatımıza baxın. Artıq bərabərlik yaranmaq üzrədir.

Elçin Əlixan

Xəbər xətti