Azər Məmmədov: "Mən qorxaq adam deyiləm"

19:52 - 24 Sentyabr 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çox çətin oyun olacaq. Üzərimdə hərtərəfli təzyiq var idi. Premyer Liqada qalmaq uğrunda mübariza aparırıq. Evdə son məğlubiyyətdən sonra "istefa" şüarları səslənmişdir. Bilirdik ki, "Sabah" çox sürətli komandadır. Rəqibi təhlil etmişdik. Bir xal bizim üçün çox önəmlidir. Azarkeşlərə təşəkkür edirəm. Bu heç-heçə bizim üçün dönüş nöqtəsi olacaq. Evdəki məğlubiyyət seriyasını "Qəbələ" ilə matçda dəyişməyə çalışacağıq.

- Aktivinizdəki 5 xalı güclü rəqiblərlə oyunlarda qazanmısız. Digər rəqiblərlə oyununuzun alınmamasının səbəbi nədir?

- Bir yandan sevindirici haldır ki, "Kəpəz" güclü komandalara qarşı yaxşı oyun nümayiş etdirir. Ancaq təəssüf edirəm ki, bizə yaxın olan rəqiblərə Gəncədə məğlub oluruq. Öz səhvlərimizdən olan məğlubiyyətlərdir. Çatışmazlıqları axtarırıq.

- "İstefa" şüarları komandaya təsir edir?

- "İstefa" şüarı bir az mənfi obraz yaradır. Amma bu kəlmənin çox böyük dəyəri var. Bəzən biz sözün dəyərini ucuzlaşdırırıq. Lazımlı və lazımsız yerlərdə "istefa" şüarı işlədilir. 6 turdan sonra yeni qurulan komandanın baş məşqçisinin istefası tələb olunursa, mən deməyə söz tapmıram. Hər "istefa" şüarından sonra kimsə istefa verəcəksə, bu, o insanın zəifliyidir. Mən zəif adam deyiləm. İnanıram ki, yaxşı işlər görəcəyik.

- Tərlan Əhmədovun dönəmində Gəncədə bir neçə cəbhə var idi. İndi də eyni vəziyyətdir?

- "Kəpəz" fərqi yoxdur bakılı işlədi, yevlaxlı və ya gəncəli işlədi. Kimin bacarığı varsa, işləmək onun haqqıdır. Gəncəli və ya bakılı olduğuna görə kiminsə istefası tələb olunursa, bunun qəti şəkildə əleyhinəyəm. Cəbhəyə gəlincə, düşünürəm ki, Gəncədə işləmək çətindir. Amma hər şeyə rəğmən "Kəpəz"in baş məşqçisi olmaq çox qürurvericidir. Ağır olduğunu bura gələndə bilirdim. Mən qorxaq adam deyiləm, bacardığımı etməyə çalışacağam.

- "Kəpəz"in sərgilədiyi oyun sizi qane edir?

- Arxaya boylansaq, görərik ki, biz də məğlubiyyətləri qapıçı səhvlərinə görə almışıq. Bu, futboldur. Şuaybu qapıçının üstünə getməsəydi, səhv olmayacaqdı. Oyuna gəlincə, hər komandanın maksimal gücü var. Etiraf edim ki, hazırda komandam "bir nömrə" oynamaq gücündə deyil. Ona görə da çalışırıq ki, xallar qazanıb Premyer Liqada qalaq.

- Yerli qapıçıya şans verdiz. Kamran sizə hansı siqnalı verdi?

- Kamran bu gün gözlədiyimdən də artıq çıxış etdi. Qapıçı yaxşı duranda komandada ruh yüksəkliyi yaranır. Yaxşı siqnal verdi. Ona güvənmək olar. Bu, onun üçün şans idi.

- Junior Martins son oyunlarda ehtiyatda qalır. Bunun səbəbi nədir?

- Hər futbolçunun hazır olan vaxtı var. Bu, o demək deyil ki, futbolçu zəifdir. Bir balaca performansı aşağıdır və rəqabətdə kimsə onu üstələyir. Futbol rəqabət oyunudur. Start heyətini ədalətli qurmağa çalışıram.

Elçin Əlixan

Xəbər xətti