"Kifayət qədər qol epizodlarımız oldu, amma istifadə edə bilmədik" - MÜSAHİBƏ

18:19 - 4 Oktyabr 2023

Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında "Puşkaş Akademiya"(1:1) ilə qarşılaşıb. Matçdan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Famil Xəlilov Sportal.az-ın Qəbələyə ezam olunmuş müxbirinə müsahibə verib.

- Matçı necə dəyərləndirəcəksiz?

- Oyun kifayət qədər maraqlı oyun alındı. İstədiyim oyun tərzini birinci hissədə gördüm. Futbolçular çox yaxşı təsir bağışladılar. Kifayət qədər də qol epizodlarımız oldu, istifadə edə bilmədik. İkinci yarıda isə fiziki üstünlük rəqib tərəfə keçdi və oyunumuzda eniş yaşandı. Matçdan əvvəl şansları bərabər sayırdım. Belə də, oldu. Çalışacağıq ki, səfərdə sərfəli nəticə qazanaq və növbəti mərhələyə yüksələk.

- İkinci yarıda oyununuzda eniş yaşanmasının səbəbi nə idi?

- Futbolçularımızın əksəriyyəti əvəzedici heyətdə oynayır. 10 gündə artıq üçüncü oyunumuza çıxmışdıq. Uşaqlardakı yüklənmə normal haldır. Matçın sonlarına doğru uşaqların ayağında qıcolmalar baş verdi. Ağır qrafikdə oynayırdıq. Bilirdik ki, bizi bu cür çətin vəziyyət gözləyir.

- Komandadan narazı qaldığınız məqamlar oldu?

- Ümumi olaraq, istədiyim hər şeyi yerinə yetirdilər. Narazılığım yoxdur. Təbii ki, əskiklərimiz var. Onların üzrində çalışacağıq.

- Cavab oyunu ilə bağlı fikriniz necədir? Növbəti mərhələyə vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?

- Şansların bərabərə olduğunu düşünürəm. Çünki biz bu oyunda daha çox yerlə oynayaraq üstünlük qazanmağı düşünürdük və bu da oldu. Hava mübarizələrinə gəlincə, boy ortamalasına görə rəqib bizdən üstün idi. Standart vəziyyətləri bizim üçün çox təhlükəli alınırdı. Bəlkə də, daha çox yerlə oynayaraq rəqibi keçmək olar.

- “Qəbələ” yeddinci dəfədir ki, Gənclər Liqasında təsnifat mərhələsində oynayır, cəmi bir dəfə mərhələ keçə bilib. Avropa və Azərbaycan futbolu arasında səviyyəsi fərqi böyükdür?

- Bundan öncəki rəqiblərimiz Niderland, Xorvatiya çempionları olmuşdu və bizdən çox üstün idilər. Bir dəfə “Şerif”i keçmişdik. Onlar da bizə uyğun rəqib idi. Bundan savayı, "Herta" ilə qarşılaşmışdıq və səviyyə fərqi dərhal görünürdü. Rəqib futbolçuların bizimkilərlə müqayisədə kifayət qədər təcrübəsi var. Çünki 10 yaşından sayılıb-seçilən turnirlərində iştirak edir, milli komandalarının heyətində beynəlxalq oyunlarda oynamış futbolçulardır. Əsas məsələ isə fiziki göstəricilərdir. 

- Komandanızda "Qəbələ"nin əsas komandasında oynaya biləcək futbolçular var?

- Ad çəkmək istəməzdim, amma demək olar ki, 5-6 futbolçu var. Onları əsas komandada görə bilərik. Bir neçəsi əsas komanda ilə məşqlərə davam edir. Saylarının artacağı gözlənilir.

- Elmar Baxşıyev Sənan Ağalarovu izlədiyini, ancaq Premyer Liqada oynamağa hazır olmadığını bildirmişdi. Siz bu haqda nə düşünürsüz?

- Təcrübə toplamalıdır. Əvəzedici heyətlərin yarışı ilə Premyer Liqa arasında fərq var. Amma Sənan Ağalarov Elmar Baxşıyevin yanındadır, davamlı olaraq orada məşqlərə çıxır. Sadəcə, oyundan-oyuna əvəzedici liqada komandaya kömək edir. Yəqin ki, Elmar Baxşıyev yavaş-yavaş ona şans verəcək.

- Qapıçı Həbib Hüşənovun performansını necə dəyərləndirirsiz?

- Çox yüksək. Buradakı futbolçulardan 2-3 yaş balacadır. Amma artıq əvəzedicilərin çempionatında da heyət üzvüdür. Aşağı yaş qruplarından ibarət yığmalarda da oynaylr. Qısa müddətdə Azərbaycan keyfiyyətli qapıçı görəcək. Bundan əminəm.

Elçin Əlixan

Xəbər xətti