"Şuaybunun geri qayıtmasını biz də istəyirik" - MÜSAHİBƏ

15:33 - 12 Yanvar 2024

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. 

- “Qəbələ” ilə yoxlama matçında qələbə qazanmağı bacardınız. Bu oyundakı nəticəni necə dəyərləndirirsiz? Hər şey istədiyiniz kimi alındı?

- Məşqlərə başlayandan komanda üzvlərini istəkli və  həvəsli görmək məni çox sevindirir. Futbolçular “Kəpəz”in Premyer Liqada qalması üçün və eyni zamanda özlərinin  futbolçu kimi statuslarını fikirləşmələri hazırlıq  dönəmində çox önəmlidir. “Qəbələ”yə ilin ilk oyununu  bizimlə keçirməsinə razılıq verdiyi üçün öz adımdan  təşəkkür edirəm. Oyuna gəldikdə, iki tam fərqli heyətlə  matçı oynadıq ki, ixtiyarımızda olan bütün futbolçular  oyun yükünü bərabər alsınlar. Təbii ki, oyunda tam  olaraq istədiklərimiz görə bilməsək də, razı qaldığımız  məqamlar da oldu. Keçirilən ağır məşqlərin fonunda  futbolçuların hesabda geri düşdükdən sonra geri dönüş  etmələri, ikinci hissədə meydana daxil olan futbolçuların  yaxşı mübarizə aparmaları komandada oyun aspektində, hərəkətlilik və sona qədər mübarizə aparmaq  baxımından dəyişikliyin göstəricisidir.

- “Kəpəz” Premyer Liqanın birinci yarısını 9-cu pillədə başa vurdu. Mövsümün ikinci yarısında daha yaxşı ola biləcəksiz? 

- Bizim burda olmağımızın ilk səbəbi, komandanın  Premyer Liqada qalmasına inamımızın olmasıdır. İnamsız  heç bir işə başlamaq sənə ümüd edən insanları  aldatmaqdır. Bu gün əlimizdə olan imkanlardan maksimum yararlanmağa çalışırıq. Nəticə sezonun  sonunda görünəcək.

- Amil Yunanov artıq komandanın düşərgəsindədir. Fərid Yusifli, İsmayıl Zülfüqarlı üçün “Neftçi”yə müraciət etdiyiniz deyilir. Məsələ nə yerdədir?

- Bəli, Amil ilk gündən məşqlərə qoşulub. Camal da  artıq  bizimlədir. İsmayılla ilk danışığımız olub. “Neftçi”  və “Kəpəz” rəhbərliyi də danışıb. Bu günlərdə məsələ öz  həllini tapacaq.

- Camal Cəfərovu da artıq icarəyə götürdünüz. Onunla bağlı düşüncəniz necədir?

- Camal U-21 yığmamızın əsas üzvüdür. Biz də milli  komanda üçün futbolçuların inkişafında maraqlıyıq. Təbii  ki, biz də onun oynayacağı mövqeydə  yaxşı  futbolçularımız  var. Düşündüyümüz rəqabət də  futbolçunun inkişafına nail olmaqdır.

- Komandaya legioner cəlb edilməyəcək? Bu, yəqin ki, maliyyə məsələsi ilə bağlıdır? 

- Yerli futbolçularla bağlı məsələ tam həllini tapandan  sonra, legioner məsələsi də aktuallaşa bilər.

- Sabiq futbolçunuz olan Abdullahu Şuaybunun geri qayıtmaq ehtimalı var idi? Onu geri qaytarmaq üçün addımlar atdınızmı heç?

- Şuaybunun geri qayıtmasını biz də istəyirdik. Amma bu  tək bizdən asılı olan məsələ deyil. Belə ki, futbolçunun  sağlıq durumundan da asılıdır. Bunun üçün klinikaların birindən bunu əldə etmək lazımdır.

Mirbağırağa

Xəbər xətti