"Sərtan "Manisa"dan təklif gəldiyini bizə bildirdi, qarşısını almaq istəmədik"

18:34 - 12 Yanvar 2024

"Turan-Tovuz"un baş məşqçisi Ayxan Abbasov komandanın düşərgəsini tərk edərək, Türkiyənin “Manisa” klubuna keçən Sərtan Taşkın haqda danışıb.

Sportal.az saytına açıqlama verən Abbasov gedişini bu cür şərh edib:

“Sərtan Taşkının məsələsi gözlənilmədən oldu. Bilirsiz ki, yerlilərdən heç kimi itirmək istəmirik. Çünki çempionatın gərgin vaxtıdır. Sərtana “Manisa”dan təklif gəldiyini bizə bildirdi. Rəhbərliklə oturduq, müzakirə etdik və futbolçunun qarşısını almaq istəmədik. Sevinirik ki, qısa zamanda Sərtan özünü yaxşı tərəfdən göstərib, hansısa klubun maraq dairəsinə düşüb. Özü də, “Manisa”ya keçməyi çox istədiyini bildirdi. Biz də buna şərait yaratdıq. Sərtana uğurlar arzulayıram. O, Azərbaycan millisinə namizəd futbolçudur. Son matçlarda istədiyimiz performansı göstərirdi. Çətin dövr yaşamışdı. Amma onun böyük potensialı var və ona uğurlar arzu edirəm”.

Qeyd edək ki, 26 yaşlı futbolçunun "Turan-Tovuz"la 2025-ci il iyunun 30-na qədər müqaviləsi olsa da, onun Türkiyə klubuna azad agent kimi keçidinə icazə veriblər.

Mirbağırağa

Xəbər xətti