Kaş(uk) gəlsin! REPLİKA

17:34 - 12 Yanvar 2024

Xorvatiya mətbuatında yayılan xəbərlərə görə, "Şaxtyor"un futbolçusu Aleksey Kaşukun Azərbaycana qayıtmaq ehtimalı yaranıb. Məlumatda deyilir ki, "Hayduk"la yanaşı, "Neftçi" klubu da ukraynalı futbolçunu heyətinə qatmağa çalışır. 

Bununla bağlı bəyanat yayan "Neftçi" xəbəri təkzib edib və Kaşuk üçün "Şaxtyor"a rəsmi təklif göndərmədiklərini açıqlayıblar. Maraqlıdır ki, Kaşukun "Neftçi"yə keçmək ehtimalı ilə bağlı xəbərlər mətbuatda çıxar-çıxmaz azarkeşlər buna çox pozitiv reaksiya veriblər. Əkəriyyət bu keçid gerçəkləşəcəyi halda, Kaşukun "Neftçi" üçün əhəmiyyətli transfer olacağını qeyd edib. 

Məlumdur ki, "Sabah" özü də sabiq futbolçusu Kaşuku heyətində saxlamaqda maraqlı idi. Hətta bu gün də onu məmnuniyyətlə sıralarında görmək istəyərlər. Amma "Şaxtyor" onu böyük məbləğə satmaq istəyir, hədəfləri Avropanın aparıcı çempionatlarında çıxış edən klublardan biridir. Yəni, maraq dairəsində nə Azərbaycan, nə də Xorvatiya klubları var. 

Təbii ki, belə futbolçunun yenidən bizim Premyer Liqada oynamasını izləmək maraqlı və xoş olardı. Deyilənə görə, "Qarabağ" da ona maraq göstərib. Kaş gəlsin, Kaşuk gəlsin, belə səviyyəli oyunçular gəlsin çempionatımıza! 

Həmid

Xəbər xətti