Ramil Quliyev: "Bəlkə atlet olmasaydım, futbolçu ola bilərdim"

16:33 - 16 Yanvar 2024

Yüngül Atletika üzrə Dünya çempionu Ramil Quliyevin “Neftçi TV”yə müsahibə verib.

Sportal.az idmançının müsahibəsini diqqətinizə çatdırır:

- İllər sonra üzvü olduğum komanda ilə yenidən görüşmək mənə çox xoş oldu. Bu mənim üçün çox fərqli bir duyğudur.

- "Neftçi"nin üzvlərini görəndə nə hisslər keçirdin?

- Burada bir çox komandalar təlim-məşq toplanışı keçirir. Tək futbol deyil, digər idman növlərindən olan idmançıları da görmək olar. Köhnə komandamı burada görməkdən məmnun oldum. Vaxtımız olanda komanda üzvləri ilə danışıb söhbətləşirik.

- Bakıda yaşadığın dönəmdə "Neftçi"nin oyunlarını stadionda izləmisən?

- Bakıda olanda bir neçə dəfə “Neftçi”nin oyunlarına getmişəm. Açığı desəm stadiondan matçları izləməyə çox vaxtım olmurdu. Ya məşqlərdə olurduq, ya da yarışlarda iştirak edirdik. Hazırda “Fənərbaxça” klubunu təmsil edirəm. Elə İstanbula gedəndə də, matçlara getməyə çox vaxtım olmur. İmkan olanda, çalışıram böyük oyunları canlı izləyim.

- Atlet olmasaydın futbolçu olardın? Futbola müsasibətin necədir?

- Açığı deyim ki, qatı futbol azarkeşi deyiləm, amma böyük oyunları, derbiləri izləməyi sevirəm. Bəlkə atlet olmasaydım, futbolçu ola bilərdim. Hansı idman növü ilə məşğul olmağının elə də böyük fərqi yoxdur. Əsas olan odur ki, özünü xoşbəxt hiss edəsən. Futbolda hansı mövqedə oynaya biləcəyimi isə zənnimcə məşqçi deməlidir. Amma harada sürətli olmaq lazımdırsa, məncə məni orada oynadardılar. 

- "Neftçi" azarkeşlərinə nə demək istəyərdin?

- Bütün azarkeşlərə demək istəyirəm ki, komandanıza dəstək verməklə yanaşı, çalışın ki, siz də idmanla məşğul olasınız. Siz də idmançı olun, idmanı həyatınızın bir parçasına çevirin.

Xəbər xətti