Miodraq Bojoviç: "Sona qədər narahatlıq içində idik"

20:19 - 28 Yanvar 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyimiz kimi ağır keçdi. "Qəbələ" xoşagəlməz vəziyyətdədir. Buna görə də onlar birinci hissədə müdafiəfə yaxşı oynadılar. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi. Məncə, yaxşı oyun keçdi. İkinci hisssədə biz bir qol vurduq. Rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik.

- Azər Salahlı ilk hissədə səhvlərlə yadda qaldı. Eyni mövqedə oynayan Aəzr Əliyev də tez-tez zədələnir. Bu mövqedə olan problemi necə aradan qaldıracaqsız?

- Sizinlə razı deyiləm. Azər Salahlı pis oynamadı. Bu, onun mövqeyi deyil. Azər Əliyev zədəlidir deyə Salahlını həmin mövqedə istifadə edirik.Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabət olacaq.Düşünmürəm ki, hər hansı yeni oyunçu komandaya cəlb olunacaq.

- Sol cinahda Lebon, Mirzov və Konte kimi oyunçular var. Sağ cinah isə Rəhmanın ümidinə qalıb. Bu mövqe ilə bağlı nə düşünürsüz?

- Konte sağ cinahda oynayır. Sadəcə bu gün belə əvəzetmə etdik.

- Oyun planında müsbət və sizi narahat edən məqamlar hansılardır?

- Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbr etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbr edib keyfiyyəti artırmaq mümkündür. 

- Sıx qrafikə qədəm qoyursuz. 10 gündə "Sumqayıt"la üç dəfə qarşılaşacaqsız. Eyni rəqiblə qısa müddətdə tez-tez üz-üzə gəlmək necədir?

- Bu, bizim işimizdir. Burada olan hər kəs peşəkardır. Əlbəttə ki, eyni komanda ilə ard-arda üç dəfə oynamaq asan deyil. Amma biz peşəkarıq, işimizi icra edəcəyik.

- Komanda uzun ötürmələrə daha çox bel bağlayır. Bu, rəqibə uyğun olaraq qurulan sistemdir?

- Oyunda dərinliyi axtarmağa çalışırıq. Geriyə pas atdıqdan sonra sürətli cinah oyunçularını hücuma cəlb etmək istəyirik. Ona görə də belə uzun ötürmələr olur.

- Qarşınıza Premyer Liqada ikinci olmaq və kuboku qazanmaq məqsədi qoyulub. Bu məqsədə çatacağınızdan əminsiz?

- Məncə, komanda keyfiyyətinə görə buna qadirdir. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər ols, buna nail olmaq mümkündür. Yerinə yetirə bilməsək, baxarıq görək nələr baş verəcək.

Elçin Əlixan

Xəbər xətti