"Nani ilə münasibətim yaxşıdır, amma onunla "Braqa" - "Qarabağ" matçı haqda müzakirəmiz olmayıb" - MÜSAHİBƏ

18:18 - 12 Fevral 2024

"Adana Demirspor"un və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Sportal.az saytına müsahibə verib.

- "Adana Demirspor"da işlərin necə gedir? Komanda hazırda 9-cu pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə verən yerlərdən birini tuta biləcəksiz?

- İşlərimiz normal qaydada davam edir. Məşqlərimizi edirik, oyunlara çıxırıq. Komandada çoxlu futbolçular getdi, çox sayda yeni oyunçular gəldi. Oyunçular arasında anlaşmanın çox yaxşı səviyyədə olması üçün sadəcə zamana ehtiyacımız var. Komanda mövsüm ərzində yenidən qurulur ki, bu da çox çətin prosesdir. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Patrik Kluyvertin gedişindən sonra baş məşqçi postuna Hikmet Karaman dəvət edildi. Onun gəlişi ilə nəsə dəyişib?

- Bayaq dediyim kimi, hər şeyi yenidən qururuq. Bunu mövsümün ortasında etmək də çox çətindir. Zamana ehtiyacımız var. Çalışırıq ki, hər şey yaxşı və tez alınsın. Komandama inanıram. 

- Komandada Nani və Balotelli kimi ulduz futbolçular var. Onlarla münasibətin necədir? Maraqlıdır, Azərbaycan futbolu və ya "Qarabağ" haqda heç söhbətiniz olub?

- Bəli, Nani və Balotelli ilə normal, dostluq münasibətimiz var. Xüsusən də, Nani ilə biz tez-tez danışırıq. Balotelli ilə isə daha çox oyun epizodları haqda danışığımız olur. Belə, kollektivdə yaxşı münasibət var. Hamı bir-biri ilə normal münasibətdədir.

- Nani Portuqaliyadan olduğu üçün yəqin ki, "Braqa"nın Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacağından xəbərdardır. Bu barədə nəsə danışmısız?

- Xeyr, düzü bunu Nani ilə heç müzakirə etməmişik. 

- Qış fasiləsində bir neçə komandanın səni istədiyi xəbərləri yayılmışdı. Təkliflərin var idi?

- "Transfer pəncərəsi" artıq bağlandı. Ona görə də, bu haqda danışmağın mənası yoxdur. Mən bilirəm ki, öz üzərimdə çox işləməliyəm. "Adana Demirspor"da verilən şanslardan da maksimum istifadə etməyə çalışıram. Komanda üçün ən yaxşısını edirəm. Təkliflər haqda isə danışmağın artıq mənası qalmayıb. "Adana Demirspor"dayam və yoluma burada davam edirəm.

- Azərbaycan milli komandasının Millətlər Liqasındakı rəqibləri bəlli oldu. İsveç, Estoniya və Slovakiyaya qarşı oynayacaqsınız. Səncə, püşkatma yaxşı keçib, yoxsa daha zəif rəqiblərlə düşə bilərdik?

- Bəli, püşkatmaya baxdım, qruplardan xəbərim var. Hər üç komanda ilə artıq oynamışıq. Məncə, çox güclü qrupda yer almışıq. Əlimizdən gələni edəcəyik. 

- Hər üç rəqibi yaxın keçmişdə məğlub edə bilmisiniz. Bu nəticəni təkrar etmək mümkün olacaq? İlk oyun da Bakıda İsveçə qarşıdır. Yəqin ki, onlar paytaxtımıza revanş üçün gələcək?

- Bu barədə heç nə deyə bilmərəm. Təbii ki, çox şey özümüzdən asılı olacaq. Meydanda ən yaxşısı üçün mübarizə aparacağıq. Amma rəqiblər də çox ciddidir.

Mirbağırağa

Xəbər xətti