Dinlədilər, amma yenə də öz bildiklərini etdilər - AFFA klubları eşitmir

18:36 - 4 İyul 2025

Uzun fasilədən sonra nəhayət ki, Klublar Komitəsinin iclası keçirilib. "Şamaxı"nın rəhbəri Elçin Usubu yeni sədr seçiblər, ölkə futbolu ilə bağlı müzakirələr aparıblar. Nədənsə budəfəki tədbir konfidensial saxlanılıb. Əvvəlki iclaslardan sonra AFFA-nın saytında bu barədə xəbər və şəkillər paylaşılsa da, üstündən 10 gün keçməsinə baxmayaraq, son tədbirlə bağlı hələ də rəsmi məlumat verilməyib.
 
Belə baxanda, İcraiyyə Komitəsinin iclaslarını gizli keçirən AFFA üçün Klublar Komitəsinə bu cür münasibət təəccüblü deyil. Başdan bir az üzücü idi, amma artıq buna da alışır idman mediası. Təəssüf ki, bundan daha üzücü məqamlar var ölkə futbolunun idarəetməsində.

"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı mətbuata açıqlamasında deyib ki, Klublar Komitəsində əvəzedicilər liqası müzakirəyə çıxarılıb. Növbəti mövsüm bu yarışın keçirilməsiylə bağlı fikirlər soruşulanda, əksəriyyət "yox" deyib. Klublar da əmin olublar ki, əgər onların mövqeyini öyrənirlərsə, qərar çoxluğun düşüncəsinə uyğun veriləcək. 

Lakin gözləntilərin əksinə olaraq, AFFA əvəzedicilər liqasını saxlamağa qərar verib. İndi sual yaranır ki, əgər öz bildiyinizi edəcəkdinizsə, bu qədər adamı yığıb niyə fikir öyrənirdiz? O boyda AFFA-da futbolda elə tək Səbuhi Səfiyarlının bildiyini bilən kadr yoxdur. 

Yeri gəlmişkən, Səfiyarlı deyib ki, əvəzedici komandanın illik xərcləri 300-350 min manat təşkil edir. İmkanları geniş olmayan "Qəbələ" də bunu qarşılamaq üçün akademiyanın fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib. 

Həmid

Xəbər xətti