"Bu mövsüm "Sabah"ı məğlub edə bilməmişik, ona görə qələbə qazanmaq istəyirik"

18:18 - 19 Aprel 2024

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına açıqlama verib. Belaruslu müdafiəçi Premyer Liqanın 30-cu turunda səfərdə "Səbail"lə (3:3) görüşü şərh edib. O, Bakıdakı matçda xal qazanmaqları haqda bunları deyib:

"Səbail"lə matç azarkeşlər üçün çox maraqlı keçdi. Son ana qədər mübarizə getdi. Düzdür, bəzi səhvlərə yol verdik. Müdafiədə istədiyimiz kimi oynamaq alınmadı. Hər halda, sonda xal qazanmağı bacardıq. Çünki yaxşı mübarizə aparmışdıq".

Ölkə çempionatının 31-ci turunda "Sabah" önünə çıxacaq "Kəpəz" bu görüşdə qələbə qazanmaq istəyir. Xvalko məqsədlərinin üç xal olduğunu deyib:

"Səbail"lə matçdan sonra həftə boyu "Sabah"la oyuna hazırlaşmışıq. Turnir cədvəlində yuxarı pilləyə yüksəlmək istəyirik. Bu mövsüm "Sabah"ı məğlub edə bilməmişik. Bu dəfə onu reallaşdırmaq niyyətindəyik. Hər şey də mümkündür. Çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək".

Xəbər xətti