"Araz-Naxçıvan"ın üzvü legioner limitinin ləğvi haqda: "Milli komandaya xeyir verəcəyini düşünmürəm" - MÜSAHİBƏ

15:49 - 1 İyun 2025

Yayda "Tuzlaspor"dan ayrılaraq "Araz-Naxçıvan"a keçən Bəxtiyar Həsənalızadə hazırkı komandasının heyətində Konfrans Liqasına vəsiqə qazandı. Sportal.az saytına müsahibə verən müdafiəçi komandasının uğurlu nəticəsindən danışıb.

- "Araz-Naxçıvan" mövsümün son görüşündə "Zirə"yə evdə 0:1 hesabı ilə uduzdu. Mövsümün son görüşünə motivasiya ola bilmişdiz? Qalib gəlmək olardı?

Son oyun idi. Komandaların bu matçla bağlı iddiasının olmamasına görə, nəticənin də önəmi yox idi. Amma meydana qələbə üçün çıxmışdıq. Həm də, istəkli idik. Sadəcə istədiyimiz nəticəni qazanmaq alınmadı.

- "Araz-Naxçıvan" mövsümü 3-cü pillədə başa vurdu və belədə, Konfrans Liqasında oynamaq haqqı qazandı. Klubun tarixində ilk qeydə alındı. Demək olar ki, hədəfə çatdınız?

Bəli, hədəfə çatdıq. Düşünürəm ki, daha da artığını etdik. Ümid edirəm ki, uğurumuz davamlı olar. Komanda olaraq, yaxşı kollektivimiz var. Bir ailə kimiyik. Elə bu, oyunlarımıza da yaxşı mənada təsir edirdi. 

- Maraqlı məqamlardan biri odur ki, "Araz-Naxçıvan" uzun müddət qələbə qazana bilmədi. Amma ən yaxın izləyiciləriniz də sizə çata bilmirdi. Qələbəsizlik olan ərəfədə təhlükə hiss edirdiz ki, rəqiblər sizi keçə bilər?

Düzdür, ikinci dövrədə komandada eniş oldu. Səbəblər çox ola bilər. Amma ən əsas məsələ zədəlilərimizin çox olması idi. Amma futbolda təsadüfi nəticəyə inanmıram. Hamı mövsümün ikinci hissəsini qeyd edib, "Araz-Naxçıvan"ın bəxti gətirdi deyirlər. Digər komandaların qələbə qazanmamasına görə, belə deyirlər. Amma mövsümün ilk hissəsindəki uğurlarımızdan danışan azdır. Çempionatın sonunda əsas olan hədəfə çatdıq. Kim nə danışsa da, artıq geridə qalıb. Adımızı Konfrans Liqasına yazdırdıq.

- Ümumiyyətlə, mövsümü özün üçün necə dəyərləndirirsən? Səncə, daha yaxşı ola bilərdi, yoxsa bu mövsümkü performansından razı qaldın?

Ümumi olaraq, yaxşı qiymətləndirirəm. Amma daha da yaxşı ola bilərdik. Lakin ikinci il üçün bu nəticə komanda üçün əla nəticədir. İndi işimiz daha da ağır olacaq.

- Mövsümə yaxşı başladın, əsas heyət üzvü oldun, uzun müddət oynadın. Ancaq sonradan meydana çıxmadın. Bu, daha çox zədə ilə bağlı idi?

Bəzi oyunlarda oynamağım məsləhət olmadı. Çox oyunlarda isə zədəm oldu. Şükür Allaha, toparlandım və hər şey qaydasına düşdü. Əsas odur ki, ağır zədə olmadı. Son matçlarda komandama kömək edə bildim. 

- Yeni mövsüm də səni "Araz-Naxçıvan"da görəcəyik? Bildiyim qədərilə müqavilən artıq başa çatır? Fərqli klublardan təkliflər almısan?

Bu haqda nəsə danışmaq istəmirəm. Hər şey ola bilər. Danışığımız olacaq.

- 2025/2026 mövsümündən etibarən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, yerli futbolçuların maaş və özünə klub tapmaq məsələsinə necə təsir edəcək?

Limit barəsində danışılası çox şey var. Amma qısa demək istəyirəm ki, bunun milli komandaya xeyir verəcəyini düşünmürəm. Yerli oyunçular oynamadıqdan sonra milliyə oyunçu necə seçiləcək? Çox maraqlıdır. Hər halda, zaman hər şeyi göstərəcək. Heç bir legionerdən geri qaldığımızı düşünmürəm. Bəzi istisnalar ola bilər. Amma özümüz özümüzə dəyər verməliyik, milli oyunçulara dəstək olmalıyıq. Çünki bizə qalan eləözümüz olacağıq. Yenə də, gözləyək görək, necə olur. Bəlkə nə vaxtsa, deyilən kimi oldu.

Mirbağırağa

Xəbər xətti