“Macarıstanla görüşdə millimiz son oyunlara nisbətən pis təsir bağışlamadı. Komanda mübarizə aparırdı. Bir çox oyunçunun ifasında bunu gördük. Bu da bizi sevindirə bilər. Qol da vurduq. Başqa qol epizodlarımız da var idi. Amma hardasa təcrübə, hardasa futbolçuların ustalığı öz sözünü dedi. Belədə, Macarıstan millimizə qalib gəldi. Soboslai kimi lider oyunçu çox seçilirdi. Bu da macarların oyununa birbaşa təsir edirdi. Lakin millimiz digər görüşlərlə müqayisədə pis təsir bağışlamadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş hücumçusu Rauf Əliyev deyib. Vaxtı ilə yığma komandamızın əsas qol ümidi olan veteran forvard Fernandu Santuşun millimizdəki işindən söhbət açıb:
"Görünən budur ki, Fernandu Santuş hələ ki millimizdə bir iş görməyib. Tarixdə qalan nəticədir. Santuş millidə qələbə qazanmalıdır, iddialı rəqiblərlə görüşdə bərabərə qalsaydı, nəsə etdiyini düşünmək olardı. Ancaq buna qədər olan vaxtda heç nə yoxdur. Santuşun işi görünmür. Bundan sonra inanmıram ki, millimizdə böyük nəticə əldə etsin. Ayxan Abbasovun gəlişindən sonra U-21 yığmamızdakı dəyişikliyi hamımız görürük. Nəticələr də yaxşılaşıb, futbolçular da mübarizə aparır. Əsas millimiz üçün yerli baş məşqçi daha ideal olar. Ondan sonra da futbolçularda da mübarizə və istəyi görə bilərik".
Mirbağırağa