Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevin hayqırtısı - cinayətkardısa, həbs olunsun!

13:40 - 15 İyul 2025

Dünən AFFA-dan Rauf Allahverdiyevə zəng gəlib və hakimlikdən uzaqlaşdırıldığı deyilib. Hələ ki rəsmi qərar yoxdur, amma yaxın vaxtlarda açıqlanacaq. 

O, son mövsüm ölkə kubokunun "Neftçi" ilə "Sabah" arasındakı ilk yarımfinal matçında meydan sahiblərinin qapısına aşkar penaltini görməməkdə günahlandırılır. Əslində, həmin oyunun baş hakimi Əliyar Ağayev olub və düz gözünün qarşısında baş verən epizodda penalti verməyib. VAR hakimi Rauf Allahverdiyev də epizodu "görməyib" və ya penalti kimi dəyərləndirməyib. Açığı, hakimlik adına utancverici mənzərə idi. "Sabah"ın futbolçusunun ayağını göz görə-görə qırırlar, amma bunu nə baş hakim görür, nə də VAR-dakı həmkarı...

Rauf Allahverdiyev kimi, Əliyar Ağayev də cəzalanmalı idi. Çünki səhvdən, günahdan, işbirliyindən söhbət gedirsə, Rauf qədər Əliyar da məsuliyyət daşıyır. Amma AFFA rəhbərliyi epizodu "görməyən" Əliyarın səhvini düzəltməli olan Allahverdiyevi tək günahkar sayır bu hadisədə.

Bəli, Rauf Allahverdiyev günahkardı! Amma nədə? Raufun etdiyi səhvdirmi, qərəzdirmi, yoxsa oyun alqı-satqısı? Bax, AFFA-nın da üzərinə düşən Allahverdiyevin əməlini dəqiq araşdırmaq və eydiyi xətanın dərəcəsinə uyğun hökm verməkdir. 

Hakimlikdən ömürlük uzaqlaşdırılma qərarı oyun alqı-satqısına görə verilə bilər. Qərara uyğun olaraq hüquq-mühafizə orqanlarına məlumat verilməli, həmin hakimlə bağlı cinayət işi qaldırılmalıdır. AFFA-nın əlində fakt varmı? Varsa, Rauf Allahverdiyev niyə hələ də azadlıqda gəzir, nə üçün məsuliyyətə cəlb olunmur?

AFFA-nın indiki rəhbəri Rövşən Nəcəf böyük ehtimalla o vaxtlar ölkə futboluna baxmayıb, amma oxşar hadisə 15 il əvvəl də baş verib hakimliyimizdə. Rövnəq Abdullayevin göstərişi ilə ölkənin o zaman ən yaxşı referisi Babək Quliyev hakimlikdən uzaqlaşdırılmışdı. Babək müəllim dəfələrlə efirlərdən səsləndi ki, əllərində fakt varsa, təqim eləsinlər hüquq-mühafizə orqanlarına. O vaxtkı AFFA rəhbərliyi heç nə sübut edə bilmədi, arada Babək Quliyev kimi istedadlı hakimin karyerası məhv oldu. 

Demirik ki, AFFA ədalətsiz qərar verib. Amma verilən qərarı isbatlamaq lazımdı. Bəlkə Allahverdiyev həqiqətən səhv edib, bəs onda necə? Kiminsə ailəsinin çörəyi ilə oynamaq nə qədər insanlıqdandı...

Əgər ortada oyun alqı-satqısı yoxdursa, ömürlük uzaqlaşdırılma cəzası yanlışdır. Raufu şiddətli xəbərdarlıqla bir mövsümlük aşağı liqalara "sürgün" etmək kifayətdir. 

AFFA rəhbərliyi fikirləşir ki, bir nəfərə ağır cəza verək, başqalarının gözü qorxsun və bu cür səhvlərdən, qərəzdən çəkinsinlər. Amma o bir nəfərin də ailəsi var, onun da balaları var. Başqalarına görk olsun deyə, bir nəfəri sübutsuz, dəlilsiz bada vermək doğru deyil!.

Həmid

Xəbər xətti