Qurban Qurbanovun kəşf etdiyi istedad - "Qarabağ"ı çətin vəziyyətdə qoya bilər(di)

14:46 - 12 Avqust 2025

"Qarabağ"dan gedib sonra geri qayıdan çox legionerlər görmüşük - Almeyda, Reynaldo, Muarem Muarem, Emeqara, Donald Gerye, Patrik Andrade... həm də Kadi Borges. 

Qurban Qurbanov onu Portuqaliyanın ikinci liqasından gətirmişdi. Ulduzu "Qarabağ"da parladı. Oyunuyla azərbaycanlı azarkeşlərin könlünü fəth etdi. Sonra getdi. Yeni axtarışlara çıxdı, böyük qazanc arzusuna düşdü. Əslində, anlaşılan idi. Daha çoxunu istəmək İnsan təbiətinə xas xüsusiyyətdir. Amma bir məsələ də var ki, həm həyatda, həm də müxtəlif peşələrdə insanların özünə aid olduğu mərtəbələr var. Zaman göstərdi ki, Kadi üçün ən münasib mərtəbə elə "Qarabağ"dır. 

Qayıdışı pis alınmadı. "Qarabağ"da qolları sıralamağa başladı, yenə baş rollarda yer elədi özünə. Amma ondan əsas gözləntilər məhz avrokuboklar üçündür. "Qarabağ" onunla, ya da onsuz Premyer Liqada çempionluğu təmin edəcək gücdədir. 

ÇL-də "Şelburn"la oyunları pis keçirmədi. Məcburiyyətdən dayaq zonasına çəkilən Kadi üzərinə düşən tapşırıqları yerinə yetirdi. Lakin "Şkendiya" ilə səfər matçında "Qarabağ"ı az qala çətin vəziyyətdə qoyacaqdı. Birinci hissəni özünə yad mövqedə normal keçirmişdi. Həm müdafiə davranışında, həm də hücum fazasında yararlı olmağa çalışırdı. Lakin ikinci hissənin gedişində adamın ayarları pozuldu birdən-birə. Üzərində nəzarəti itirən Kadinin "gözünü qan tutdu" sanki. Ard-arda etdiyi qayda pozuntuları meydandan qovulmasını qaçılmaz edirdi. Yaxşı ki, Qurban Qurbanov onu dərhal əvəzlədi. 

Bu gün "Şkendiya" ilə keçiriləcək cavab matçında Kadi böyük ehtimalla, pleymeyker mövqeyində çıxış edəcək, daha çox yaradıcılıqla məşğul olacaq. Ustalığına söz ola bilməz. Heçdən qol var edə biləcək futbolçulardandı Kadi. Amma müasir futbolun ən önəmli tərəfi mental hazırlığı yüksək səviyyədə saxlamaq bacarığıdı. Səfər oyununda Kadi əsəblərinə məğlub olmuş durumda tərk etdi meydanı. Ümid edək ki, qarşıdakı oyunlarda bu mənada daha soyuqqanlı, daha tədbirli Kadi görəcəyik. 

Həmid

Xəbər xətti