“Quba Olimpiya Kompleksində heç bir təmir işi görülməyib. Biz hansı vəziyyətdə təhvil vermişiksə, indi də elədir. Bir sözlə, işə başlamayıblar”.
Sportal.az xəbər verir ki, "futbolinfo.az" saytına açıqlamasında II Liqa təmsilçisi “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev deyib.
Klub rəsmisi iki ev oyununu Şamaxıda keçirməsinə Peşəkar Futbol Liqası tərəfindən qərar verilən “İmişli”nin sözügedən arenadakı qüsurları aradan qaldırmaq üçün heç bir iş görmədiyini bildirir. O, stadionun sonuncu dəfə ötən il təmir edildiyini bildirib: “II Liqa və Premyer Liqanın Əsasnamələri fərqlidir. Bizim üçün oturacaqlar 19 yer bəs edirsə, elitada bu, 23 yerdir. Bu üzdən dəyişdirilməlidir. Media otaqları da yoxdur, hazırlanmalıdır. Stadionda səs sistemini də mən hazırlamışam. Texniki zona, soyunub-geyinmə otaqları, qapılar – yəni hamısını mən təmin etmişəm. Hələ gəlib bizimlə də danışmalıdırlar. Sonra qərar verilməlidir. Düzdür, oyun keçirmək üçün icazələri var, etirazımız yoxdur. Sadəcə, PFL-in əsasnaməsinə uyğun olaraq bütün tələblər yerinə yetirilməlidir”.
Abdullayev əlavə edib ki, “qonaqlar” hələ də onlarla masa arxasına keçməyib: “Stadionu biz də icarəyə götürmüşük. Ödəniş məsələsi birbaşa rəhbərliklə razılaşdırılıb. Sadəcə, yerli komanda olduğumuz üçün daim burada oynayacağıq. Bizdən hər hansı icazə tələb olunmur. Bu barədə heç kim bizimlə danışmayıb. Razıyıq, biz də istəyirik ki, “İmişli” burada oynasın. Premyer Liqanın şimal zonasına gəlməsi bizim üçün böyük uğurdur. Sadəcə, “İmişli” müəyyən addımlar atmalıdır ki, bu proseslər yerinə yetirilsin”.
Maraqlıdır ki, iki gün öncə “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu saytımıza açıqlamasında təmir işlərinə başlanıldığını qeyd etmişdi. İndi isə bəlli olur ki, işə yeni başlayan xanım sözçü mətbuatı aldatmaqla məşğuldur. (futbolinfo.az)
saytlarin hazirlanmasi