Ramil Şeydayev Türkiyəyə qayıdır?

12:33 - 21 Avqust 2025

Ramil Şeydayev “Neftçi”də son günlərini yaşayır. Millimizin hücumçusu tezliklə paytaxt klubu ilə vidalaşacaq.

Sportal.az "futbolinfo.az"a istinadən xəbər verir ki, Şeydayevin Türkiyəyə getmək variantı yaranıb. “Serik Bələdiyyəspor”la yanaşı daha bir neçə aşağı liqa klubu Ramilə maraq göstərir.

“Neftçi” ilə iki illik müqaviləsi qalan hücumçu komandada perspektivi olmadığını anlayıb. Baş məşqçi Samir Abasovun ona güvənməyəcəyini özünə çatdırıb. Əvəzedici heyətə göndərilməsi gözlənilən milli üzvü bu vəziyyətlə barışmaq istəmir. Ona görə də gələn təklifləri saf-çürük etməyə başlayıb.

Şeydayev “Neftçi”də aya 40 min dollardan çox maaş alır. Başqa yerdə belə sərfəli müqavilə bağlaya bilməyəcəyini anladığından qalmağa çalışırdı. Lakin meydana çıxmamasının karyerasına və yığmadakı perspektivinə zərbə olacağını bildiyindən “Neftçi”dən müəyyən qədər təzminat alıb Türkiyəyə getməyi planlayır.

Transfer pəncərəsinin bağlanmasına az qaldığı üçün Ramil avqustun sonunadək taleyinə aydınlıq gəlməsini istəyir. Ona görə də “Serik Bələdiyyəspor”la danışıqları yenidə bərpa edib. Bu klubun sahibi azərbaycanlı olduğundan keçidn reallaşma ehtimalı az deyil.

Xatırladaq ki, Ramil əvvəllər iki dəfə Türkiyədə oynayıb. O, 2016-17-ci illərdə “Trabzonspor”da olub. Forvard 2024-cü ilin ilk yarısını da “Kocaelispor”da keçirib.

Xəbər xətti